Səfər zamanı cənab Rəşid Xalikov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovla Cəmiyyətin Baş Qərargahında görüş keçirmişdir. Öncə qonaqları salamlayan Cəmiyyətin prezidenti Novruz Aslanov 98 il şərəfli tarixi yol keçmiş təşkilatın respublikanın ictimai həyatındakı rolundan və humanitar sahədəki fəaliyyətindən bəhs edib. Ölkəmizdə keçirilən “VI Bakı Beynəlxalq Humanitar Forumu”nun tarixi hadisə olmasını xüsusi vurğulayan natiq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yerli hökumət strukturları və digər humanitar təşkilatlarla əməkdaşlığının bundan sonra daha da genişlənməsinə əminliyini ifadə etmişdir. Uzun illər AzQAC-ın BMT-nin müxtəlif strukturları ilə olan iş birliyindən söhbət açan və bu tərəfdaşlıqdan məmnunluğunu bildirən cənab Novruz Aslanov, daha sonra Milli Cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən söz açmışdır.
BMT Baş Katibinin müavini Cənab Xalikov isə öz növbəsində Azərbaycanda olmasından məmnunluğunu ifadə etmiş “VI Bakı Beynəlxalq Humanitar Forum”unun və Azərbaycana səfərinin yüksək səviyyədə təşkil olunduğuna görə təşəkkürünü bildirmişdir.
Görüş zamanı cənab Xalikov cənab Novruz Aslanova Humanitar Hüququn yayımı, zərərçəkmişlərə humanitar dəstəyin göstərilməsi və xüsusuilə Cəmiyyətin Əfqanıstana humanitar dəstək göstərilməsi sahəsində bir neçə sualda bulunmuşdur. Sualı cavablandıran cənab Novruz Aslanov BHH-nın Yayımı ilə bağlı xüsusi olaraq, BQXK-nın Azərbaycan nümayəndliyi ilə maarifləndirmə yönümlü tədbirlər keçirməsindən, zərərçəkmişlərə humanitar, axtarış, psixososial dəstək mobil könüllü qrup tərəfindən humanitar dəstək göstərilməsindən söz açmışdır. Daha sonra cənab Novruz Aslanov miqrasiya proqramına toxunaraq miqrantlara Azərbaycan dili kursunun keçirilməsini və humanitar yardımların verilməsini xüsusi vurğulamışdır. Eyni zamanda Cəmiyyət dövlət strukturları ilə sıx əməkdaşlıq edir. Buna misal olaraq miqrasiya sahəsində BMqT ilə və Dölət Miqrasiya Xidməti ilə anlaşma memorandumunu vurğulamışdır. Görüş zamanı Milli Cəmiyyətin fəaliyyətinə dair qısa videoçarx nümayiş etdirmiş, həyata keçirilən layihələr, Azərbaycanda humanitar sahənin inkişafına dair bir sıra məsələlər və gələcək perspektivlər ilə əlaqədar müzakirələr aparılmışdır.
Görüşdə AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev, İcraçı Katibin müavini Səbinə Məhbubi, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov, Azərbaycanın Respublikasının BMT-dəki daimi nümayəndəsi Vaqif Sadıqov və Xarici İşlər Nazirliyinin Humanitar və Sosial Məslələr üzrə idarəsinin nümayəndəsi, attaşe Kamal Həsənli iştirak etmişdir
Rəşid Xalikov – BMT Baş Katibinin Yaxın Şərq və Mərkəzi Asiya regionları ilə humanitar tərəfdaşlıqlar üzrə müavini
İmran Xuşnud Şah – Rəşid Xalikovun xüsusi köməkçisi
Vaqif Sadıqov – Azərbaycanın Respublikasının BMT-dəki daimi nümayəndəsi
Kamal Həsənli – Xarici İşlər Nazirliyinin Humanitar və Sosial Məslələr üzrə idarəsinin nümayəndəsi, attaşe