Gürcüstanın Tiflis şəhərində 2018-ci il noyabr ayının 14-15 tarixlərində “Təhlükəsiz və Möhkəm İcmaların Qurulması” (TMİQ) layihəsinin yekun konfransı keçirildi. Avstriya İnkişaf Agentliyinin maliyyə dəstəyi, Avstriya Qızıl Xaç Cəmiyyətinin Gürcüstan Qızıl Xaç Cəmiyyəti ilə birgə təşkil etdiyi 2 günlük konfransda 2012-ci ildən bu günə kimi aparılan fəaliyyətlərin nəticəsində əldə olunan naliyyətlər ətraflı təqdim olundu və gələcək addımlar müzakirə edildi.
Təqdimatlar Cənubi Qafqaz regionunun 3 Milli Cəmiyyətlərinin (Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Ermənistan və Güscüstan Qızıl Xaç Cəmiyyətləri) program rəhbərləri tərəfindən keçirildi.
Konfransda naliyyətlərlə yanaşı mövcud vəziyyətin şərh olunması və gələcəkdə hansı addımların aparılması haqqında fikirlərin söylənməsi üçün müvafiq şərait yaradıldı. Milli Cəmiyyətlərin nümayəndələri və onlarla birlikdə gələn milli və yerli dövlət strukturların rəsmiləri və layihə çərçivəsində yaradılan könüllü icmaların üzvləri geniş müzakirələr apardılar. Müəyyən olundu ki, layihə çərçivəsində müxtəlif səpkili, icmaların təhlükəsiz olmalarına və möhkəmlənməsinə, ümumiyyətlə icmaların davamlılığına imkan verən fəaliyyətlər həyata keçirilmiş, lazımı bilgilər verilmiş və sənədlər tərtib olunmuş (məsələn Ailə Hazırlıq Planları), qarşılıqlı münasibətlər qurulmuşdur.
Konfrans zamanı əsas vurğulanan məsələrdən biri zəruri olan Təbii fəlakətlər zamanı Risklərin azaldılması komponentinin yerli inkişaf planlarına əlavə olunması və bu məsələdə icmaların fəal olaraq inkişaf edilməsidir.
Fövqəladə Hallarda Xilasetmə Xidmətləri ilə əməkdaşlıq mövzusunda panel müzakirə zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Fövqəladə Hallar Naziliriyi ilə bağlanılmış Anlaşma Memorandumu, onun əməkdaşlığın qurulması üçün əhəmiyyəti xüsusi olaraq vurğulandı. Qeyd edildi ki, sənədə əsasən hər iki təşkilatlar arasında əvvəldən razılaşma olduqda fəlakət zamanı bütün imkanlar və ehtiyatlar səfərbər edilir, fəlakət zamanı zəruri olan fəaliyyətləri aparılması üçün xüsusi hazırlanmış mobil könüllü qruplar yaradılır. Artıq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin kontekstində belə gruplar mövcuddur və onlar keçən illərdə baş vermiş hadisələrdə, keçmiş və yeni simulasiya tapşırıqlarında Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətləri ilə birlikdə iştirak etmişlər. Hal hazırda bu istiqamətdə Qızıl Aypara Cəmiyyəti tərəfindən Qızıl Xaç və Qızıl Aypara Hərəkatı daxilində dəstəyə əsaslanaraq lazımı addımlar atılır.
Konfrans zamanı iştirakçılara bir sıra maraqlı təqdimatlar göstərildi və onların arasında xüsusi olaraq Kırğızıstan Milli Cəmiyyəti və Avstriya Milli Cəmiyyətinin program rəhbərləri tərəfindən “İcmaların Möhkəmləndirilməsi istiqamətində aparılan fəaliyyətlər” və “Yüksək Temperatur və Onun Ətraf Şəraitə və insana olan Zərərli təsiri” mövzularında olan təqdimatları qeyd etmək olar.
Sonda bütün təşkilatçılar və iştirakçılar tərəfindən tədbirin maraqlı və səmərəli keçməsinə, o cümlədən tədbirin gedişatına və aparılmış fəaliyyətlərin gələcəyinə zəruri olan və əhəmiyyət göstərən dövlət strukturlarının rəsmilərinin iştirakına görə təşəkkürlər bildirildi. Fəaliyyətlərin davamlılığının vacibliyi və artıq mövcud olan təcrübənin, bilik və bacarığın səmərəli istifadə olunması ayrıca olaraq vurğulandı.
Xatırlatmaq istəyirik ki, “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Avstriya İnkişaf və Əməkdaşlıq Agentliyi, Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə və texniki dəstəyi ilə Azərbaycanın İsmayıllı və Qusar rayonlarında İcra hakimiyyətləri və kənd bələdiyyələrinin, yerli icmaların fəal iştirakı ilə 2012-ci ildən bu vaxta qədər uğurla həyata keçirilmişdir. Layihənin əsas məqsədi Azərbaycanın nəzərdə tutulan ucqar kənd və şəhər icmalarının əhalisinin təbii fəlakətlərə davamlı səviyyədə hazırlığının gücləndirilməsi və risklərin azaldılmasıdır. Layihə çərçivəsində İsmayıllı və Qusar rayonlarının 8 kəndində İcmalara Əsaslanan Fəlakətlər zamanı Risklərin Azaldılmsı Qrupları yaradılmış, bu qruplara və AzQAC İsmayıllı və Qusar rayon bölmələrinin işçi heyyəti və könüllülərinə müxtəlif mövzularda mütəxəssislər və tərəfdaşların köməyi və dəstəyi ilə təlimatlar təşkil edilmiş, qruplar lazımi olan avadanlıqlarla təmin edilmişlər. Layihə çərçivəsində fəaliyyətlər-yürüşlər, ilk yardım, axtarış və təxliyyənin aparılması, maarifləndirmə yönümlü səhnəciklər kəndlərlə yanaşı şəhər şərayitində orta məktəblərdə həyata keçirilmişdir. Fəaliyyətlərin təşkil olunmasında və aparılmasında xüsusi olaraq Fövqəladə Hallar Nazirliyinin və o cümlədən də digər nazirliklərinin dəstəyini qeyd etmək lazımdır. Fürsətdən istifadə edərək Azərbaycan Qızıl aypara Cəmiyyəti sadalanan bütün təşkilatlara, tərəfdaşlarda illər ərzində göstərilən dəstəyə görə dərin təşəkkürünü bildirir.
Konfransda Azərbaycan nümayəndəliyi adından Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qəraragahından İcraçı Katib Jeyhun Mirzəyev, İcraçı Katibin müavinləri Xalidə İsgəndərova və Səbinə Məhbubi-İran, TMİQ layihəsinin koordinatoru Elşən Səlimzadə, Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova, İsmayıllı və Qusar rayon bölmələrinin sədrləri Tofiq Soltanov və Binyəddin Xeyirbəyov, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Əməliyyatlar şöbəsinin müdir müavini Ələsgər Əliyev, İsmayıllı və Qusar rayonlarının icra hakimiyyətinin nümayəndələri Rüstəm Səmədov və Canəli Hörmətov, İsmayıllı rayonu Sumağallı icmasının üzvləri İlkin Salahov və Teymur Mirzəyev iştirak etmişlər.