AzQAC-da istehsalat təcrübəsində olan Xəzər, Dillər və Qərb Universitetlərindən olan tələbələrə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, AzQAC-ın yaranma tarixi və fundamental prinsipləri haqqında Yayım, Gənclər və könüllülər, Fövqəladə hallara hazırlıq və cavabvermə, Yerli bölmələr və regional mərkəzlərlə iş, Sağlamlıq və qayğı, Fondların artırılması, İlk yardım, Axtarış, Miqrasiya, Humanitar yardım, Beynəlxalq əlaqələr sahələri üzrə seminar təşkil edilmişdir.
Seminar zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov istehsalat təcrübəsində olan tələbələrlə görüşdü. Görüşdə BQX/QA Hərəkatı və onun komponentləri, həmçinin, AzQAC-ın fəaliyyət istiqamətləri haqqında ətraflı söhbət açdı. Cəmiyyətin gənclər və könüllülər siyasəti haqqında geniş məlumat verdi. Gənclərin humanitar və digər sahələrdəki dəstəyinin vacibliyindən bəhs etdi. Gəncləri könüllülük sahəsində fəal olmağa, AzQAC-ın həyata keçirdiyi layihələrdə və təşkil etdiyi tədbirlərdə fəal iştirak etməyə dəvət etdi.
Natiq öz çıxışında hazırda respublikada vüsət alan Könüllülük hərəkatının 100 illik tarixindən, Cəmiyyətin bu sahədəki fəaliyyətinin əhəmiyyətindən söz saçdı. Daha sonra o, gənclərin humanizm, xeyirxahlıq, mərhəmət, şəfqət ruhunda tərbiyə olunmalarında Cəmiyyətin rolunu xüsusi vurğuladı. Bu ənənələrin daha da inkişaf etdirilməsi üçün gənclərin bu sahədə könüllü kimi fəaliyyət göstərməsinin əhəmiyyətini xüsusi qeyd etdi.
Sonda onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, tələbələri humanitar sahədə daha həvəsli və çevik olmağa səslədi.