25 aprel 2019-cu il tarixdə “28 May” NQÇİ-nin akt zalında Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin son üç illik fəaliyyətinə və qarşıda duran vəzifələrinə dair hesabat yığıncağı keçirildi. Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etdilər.
Öncə tədbir iştirakçılarına Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayış olundu.
Tədbirdə çıxış edən Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova bildirdi ki, 1920-ci ildə əsası qoyulan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını respublikada təmsil edən yeganə milli cəmiyyətdir. Azərbaycanın şanlı tarixinin ayrılmaz hissinə çevrilən Qızıl Aypara Cəmiyyəti hazırda respublikada ən böyük sosial bazaya malik qeyri-hökumət təşkilatlarından biridir. Bu illər ərzində AzQAC öz fəaliyyəti ilə kifayət qədər uğurlar əldə edib. Respublikada həyata keçirdiyi tibbi-sosial, humanitar və digər layihələr, müxtəlif mövzularda apardığı maarifləndirmə işləri əhalinin sağlamlığını, təbii fəlakətlər və texnogen qəzalar zamanı davranış qaydalarını, ilk yardım və bu sahədə digər vərdişlərin mənimsənilməsi üzrə layihələr buna misaldır. Diqqətə çatdırıldı ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qurumun işində əsaslı dönüş yarandı. AzQAC-ın fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Təşkilatın bir qrup üzvü Qızıl Aypara medalı ilə təltif olunub. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Sərəncama əsasən hər il martın 10-u Azərbaycanda Qızıl Aypara Günü kimi qeyd olunur. Bu, dövlətimizin başçısının Qızıl Aypara Cəmiyyətinin humanitar fəaliyyətinə, nəcib missiyasına verdiyi ən yüksək qiymətdir. Çıxışın sonunda Təranə İskəndərova görülən işlərdən danışaraq qeyd etdi ki, hesabat dövrü ərzində təşkilatın fəaliyyəti məhsuldar olmuş və bir sıra uğurlu nəticələrlə yadda qaldı. AzQAC-in rayon bölməsinin sədri bundan sonra da uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyinə söz verdi.
“28 May” NQÇİ-nin rəisi Zaur Bağırov Pirallahı rayonunun Respublikanın ən gənc rayonu olmasına baxmayaraq qısa müddət ərzində burada vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, infrastruktur layihələrinin icrası istiqamətində kompleks tədbirlərin həyata keçirdiyini diqqətə çatdırdı. Natiq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin fəaliyyətinə toxunaraq qeyd etdi ki, Rayon bölməsi az müddətdə böyük işlər görmüşdür.