21.08.2015 tarixində AzQAC-nin prezidenti Dr.Novruz Aslanovun müşaviri Elşən Səlimzadənin müşayiəti ilə Avstriya Qızıl Xaç Cəmiyyətinin üç nəfərdən ibarət nümayəndə heyəti- icraçı katibin müavini Michael Opriesnig, marketinq və beynəlxalq əlaqələr şöbəsinin sədri Andrea Winter və Avropa üzrə beynəlxalq koordinator Eduard Trampusch AzQAC Sumqayıt şəhər bölməsinin qonağı oldular. Qonaqları AzQAC Sumqayıt bölməsinin sədri, işçi və könüllü heyəti qarşıladı. Könüllümüz Rəşad Süleymanlı Sumqayıt şəhər bölməsinin fəaliyyətinə həsr olunmuş prezentasiyanı Avstriyalı qonaqlara təqdim etdi. O, xüsusilə “Əlil uşaqların sosial inteqrasiyası”, “Mərhəmətli olmağa tələsin!” layihələri, maarifləndirici seminar və təlimlər (QİÇS, AİDS, İnsan alverinə qarşı mübarizə, narkomaniya əleyhinə və s.), Fövqəladə Hallara Hazırlıq üzrə mobil dəstənin fəaliyyəti, humanitar yardımlar, qanvermə aksiyaları və könüllülərlə bağlı keçirilən tədbirlər barədə qonaqlara məlumat verdi. Qeyd edək ki, təqdimat ingilis dilində olmuşdu. Təqdimatı izləyən qonaqlar onları maraqlandıran suallarla müraciət edib dolğun məlumatlar əldə etdilər. Qarşılıqlı diskusiya şəklində keçən görüşdə bölmənin könüllüləri özləri və könüllülük fəaliyyətləri barədə danışaraq Avstriya Qızıl Xaç Cəmiyyətinin könüllüləri ilə təcrübə mübadiləsi keçirmək arzusunda olduqlarını bildirdilər. Avstriya Qızıl Xaç Cəmiyyətinin nümayəndə heyətinin üzvləri bölmənin çoxşaxəli fəaliyyətindən məmnun qaldıqlarını bildirərək bölmənin əməkdaşlarına və könüllülərinə gələcək işlərində uğurlar arzuladılar. Görüşün sonunda qonaqlarla xatirə şəkilləri çəkdirildi.