Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanitar missiyası çərçivəsində uşaqları daim diqqət mərkəzində saxlamış və tədbirlər təşkil etmişdir. Belə tədbirlərdən biri də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, “Azərbaycan Uşaq Fondu”, Azərbaycan Beynəlxalq Məktəbinin (TİSA) birgə təşkilatçılığı ilə 40 nəfər fiziki qüsurlu uşaq üçün bayram tədbirinin keçirilməsi olmuşdur.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayon bölməsinin, “Azərbaycan Uşaq Fondu” və TİSA birgə təşkilatçılığı ilə 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi günü” tədbiri təşkil edildi. Tədbir “Landmark” oteldə baş tutdu. Tədbiri giriş sözü ilə açan AzQAC-ın Binəqədi rayon bölmə sədri Afət Quliyeva uşaqlara göstərilən diqqət və qayğının hər kəs üçün vacib olduğunu qeyd etdi. AzQAC-ın rayon bölmə sədri istər “Azərbaycan Uşaq Fondu”, istərsə də TİSA ilə əməkdaşlığın yüksələn sürətdə davam etdiyini bildirdi.
Daha sonra söz AzQAC-ın İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətova verildi. Şöbə müdiri çıxışında AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun salamlarını və təşəkkürlərini iştirakçılara çatdıraraq Milli Cəmiyyətin əsas prioritetinin fəaliyyət istiqamətlərindən biri kimi ehtiyyaclı insanlara yardım etmək olduğunu bildirdi. Uşaqların da daim AzQAC-ın diqqət mərkəzində olduğunu qeyd etdi. Şöbə müdiri çıxışında TİSA ilə 2015-ci ildən qurulan əməkdaşlıq əlaqələrinin bu gün də yüksək səviyyədə davam etdirildiyini söylədi. Bir neçə bu kimi tədbirləri birlikdə təşkil etməkdən məmnunluq hissi duyduğunu bildirdi. Bu tədbirlərin mütəmadi və davamlı olmasının vacibliyini qeyd etdi.
Tədbirdə uşaqlar üçün kiçik müsiqili əyləncə proqramı təşkil edildi. Sonda 40 nəfər fiziki qüsurlu uşaq üçün hədiyyə bağlamaları verildi.