Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətində Modern.az saytının rəhbəri Elşad Eyvazlıya “Qızıl Aypara” medalının təqdim olunması mərasimi keçirlib.
Mərasimin açılış nitqini söyləyən AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Modern.az saytının əməkdaşlarına AzQAC-ın çoxsaylı üzvləri, könüllüləri və kollektivi adından öz salamlarını çatdırıb və onlara təşəkkür edib. AzQAC-ın prezidenti çıxışında cəmiyyətin yaranma tarixi, inkişafı, hazırkı fəaliyyəti barədə məlumat verib. Daha sonra natiq Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının yekdil qərarına əsasən, Modern.az saytının rəhbəri Elşad Eyvazlının “Qızıl Aypara” medalı ilə təltif edildiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb.
AzQAC-ın prezidenti onu da bildirib ki, Elşad Eyvazlı “Qızıl Aypara” medalı ilə təltif olunan ilk jurnalistdir.
Daha sonra Novruz Aslanov medalı Elşad Eyvazlıya təqdim edib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Modern.az saytının uğurlu fəaliyyətindən də danışıb. O bildirib ki, Modern.az müstəqil KİV olaraq Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin təbliğində ədalət prinsipini hər zaman qoruyub.
E.Eyvazlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə bu təltifə görə minnətdarlıq edib və ona verilən “Qızıl Aypara” medalını Modern.az saytın yaranmasının 10 illik yubleyinə bir hədiyyə kimi qiymətləndirib.