Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlara uyğunlaşdırılması, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi, ana südü ilə qidalanmasının təbliği və digər məsələlərə dair əhalinin maarifləndirilməsinin həyata keçirilməsi vacib olan tədbirlərdir.
Ana və uşaqların sağlamlığının qorunması dövlətin daim diqqəti mərkəzindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbulu və həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ana südü ilə qidalandırmanın aşağı göstəriciləri Azərbaycanda səhiyyə ilə bağlı digər ciddi problemdir və ana südü ilə qidalandırmanın sağlam həyat tərzinin bir hissəsi kimi təşviq edilməsi amalı ilə AzQAC, UNICEF hökumət qurumları ilə sıx qaydada əməkdaşlıq edirlər. Belə ki, 2020-ci il yanvar ayının 15-də Respublika Klinik Xəstəxanasının doğum şöbəsində AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova hamilə qadınlar və anaların maarifləndirilməsi məqsədilə görüş keçirmişdir. Keçirilən görüşdə o, ana südü haqqında, onun uşaq və ana sağlamlığı üçün əhəmiyyəti və faydası barədə, uşaq hüquqlarının qorunmasında anaların və ailələrin fəal olması haqqında geniş məlumatlar çatdırdı. M.Qaraxanova Ümumdünya Səhiyyə Təşkilatının ana südü ilə əlaqədar 10 faktı və digər göstəriciləri tədbir iştirakçılarına təqdim etdi. Sonra isə qadınlar arasında “Mən və mənim uşağım” rəsm testi aparıldı.