Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Olimpiya İdman Kompleksində şəhərin müxtəlif sahələrini təmsil edən könüllü gənclər arasında mini-futbоl turniri keçirildi. Tədbiri giriş sözü ilə açan Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov iştirakçıları salamlayaraq, əsası Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurlu inkişafından, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Qeyd olundu ki, məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin hərtərəfli inkişafına nail olmaq, sağlamlıqlarının möhkəmləndirmək, könüllülük fəaliyyətinin təbliği, həmçinin fiziki potensiallarının üzə çıxarılmasıdır. Bildirildi ki, şəhərimizdə də gənclərimizin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılmış, müasir tələblərə cavab verən idman obyektləri istifadəyə verilmişdir. Yarışda şəhərin müxtəlif təşkilatlarını təmsil edən 6 komanda mübarizə aparmışdır. Gərgin keçən yarışmanın yekun nəticəsinə əsasən I yerə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi, II yerə 10 nömrəli peşə liseyi və III yerə isə 3 nömrəli peşə liseyinin komandaları layiq görülmüşdür. Qalib komandalar Baş İdarənin kubok, medal, fəxri fərman və hədiyyələri ilə təltif edilmişdir. Yarışmaya qoşularaq bölməmizi təmsil edən birincilik kuboku gətirən komandamıza təşəkkürlərimizi bildiririk ! Uğurlarımız bol olsun !