COVİD-19-la əlaqədar tətbiq olunan məhdudiyyətlər bölgələrdə də günəmuzd əmək fəaliyyəti ilə məşğul olan insanların fəaliyyətini, xüsusilə yaşı 65-dən yuxarı olan insanların sərbəst hərəkətini məhdudlaşdırmışdır.
Millət vəkili Novruz Aslanov insanların karantin dövründə üzləşdiyi çətinliklərin qarşılanması məqsədilə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün resurslarını bu istiqamətdə səfərbər edərək belə təbəqədən olan insanların ərzaq və digər zəruri vasitələrlə təmin edilməsini hədəfə almışdır. Məlumat verdiyimiz kimi deputat İsmayıllı rayon sakinləri ilə onlayn və telefon vasitəsi ilə əlaqə saxlayır, onların problemlərinin həlli üçün çalışır, imkan daxilində ərzaq və gigiyenik vasitələrlə yardımlar edir.
Sakinlərin çoxsaylı müraciətlərini nəzərə alan Novruz Aslanov aprelin 16-da növbəti dəfə İsmayıllı rayonuna səfər edərək, ona müraciət edən hər bir belə ailənin evində olmuş, şəxsən ərzaq yardımı və gigiyenik vasitələrlə yardım etmiş, həmçinin, onları maraqlandıran məsələləri dinləmişdir. Həmin tədbir zamanı da telefon vasitəsilə Novruz Aslanova 60-a yaxın müraciət edilmişdir.Bəzi məsələlər yerində həllini tapmış, digər məsələlər qeydiyyata alınaraq əlaqədar qurumlara ünvanlanması nəzərdə tutulmuşdur.
Deputat sakinlərlə görüşündə koronavirusla (COVİD-19) bağlı dövlətin həyata keçirdiyi zəruri tədbirlərdən, hökumət tərəfindən yaşlı insanlara evlərdə göstərilən sosial xidmətlər barədə məlumat vermiş, “EvdəQal” çağırışından söhbət açmış və əhalinin səbrli olmasını tövsiyə etmişdir.
Məlumat üçün bildirək ki, bütün bu tədbirlər yerli icra hakimiyyəti orqanı ilə koordinasiya edilir.