“Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına qarşı dövlət tərəfindən aparılan zəruri tədbirlər sayəsində yoluxma hallarının azalması müşahidə olunmaqdadır. Xüsusi karantin rejiminin mərhələli şəkildə ləğv edilməsi istiqamətində hökumət tərəfindən lazımi işlər aparılır. Bu dövr ərzində azərbaycan xalqı həmrəylik nümayış etdirərək evdə qalan kimsəsiz ahıllara əllərindən gələn köməkliyi əsirgəmədilər. Bu işdə xüsusilə, könüllülərin fədakar əməyini qeyd etmək lazımdır. Onlar ehtiyacı olan insanların evlərinə gedərək ərzaq və digər zəruri yardımlar edirlər. Nəzərə almaq lazımdır ki, pandemiya dövründə hər bir belə könüllü bu işi risk altında görür. Belə gənclərimizlə fəxr etməliyik.” Bu sözləri millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda ehtiyaclı insanlara evlərində yardım edərkən söyləyib.
Belə ki, aprelin 30-da Novruz Aslanov növbəti humanitar aksiyanı həyata keçirmək üçün İsmayıllı rayonuna səfər edib. Keçən həftələrdə olduğu kimi bu dəfə də deputat özü evlərə gedərək ehtiyaclı ailələrə ərzaq sovqatı təqdim edib.
Məlumat verdiyimiz kimi, İsmayıllı rayon sakinləri millət vəkili Novruz Aslanovla onlayn və telefon vasitəsi ilə əlaqə saxlayır və müraciətlərini birbaşa deputatın özünə edirlər. Müraciətlərə əsasən millət vəkili İsmayıllı rayonuna səfərlər edərək şəxsən sakinlərin evinə gedir, onların ehtiyaclarının qarşılanması üçün imkan daxilində lazımi yardımları edir.
Əlavə olaraq bildirək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin şəhər və rayon bölmələri tərəfindən belə yardımlar respublika ərazisi üzrə mütəmadi olaraq edilir. Bu aksiyaların keçirilməsinə milli cəmiyyətin tərəfdaşlıq etdiyi fiziki və hüquqi subyektlər də dəstək verirlər.