Miqrasiya bu gün dünyanı düşündürən və narahat edən ən aktual problemdir. Hər yerdə olduğu kimi Azərbaycanda da miqrasiya ilə bağlı olan problemlər daimi müasir və diqqətçəkən bir məsələdir. Azərbaycanın ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də bu yöndə layihə və tədbirlərin həyata keçirilməsini artıq daha geniş spektrdə öz fəaliyyət planına daxil etmişdir. Bu məqsədlə, 2013-cü il oktyabrın 02-də ölkədə ilk olaraq miqrantlara təmənnasız Azərbaycan dili kursunu açmışdır. Artıq o vaxtdan 7 tədris ili keçib və miqrant-müdavimlər artıq bu gün -15.0 7.2020-ci ildə AzQAC-ın Baş ofisində kursun 7-ci buraxılışına həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov açaraq öncə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun salamlarını, xoş arzularını tədbir iştirakçılarına çatdıraraq dedi ki, dünyada baş alıb gedən COVİD-19 pandemiyası ilə bağlı tədbiri çox kiçik heyətlə hissə-hissə keçirəcəyik, heç bir qurumdan, təşkilatdan, mediadan qonaq dəvət edə bilmirik. Buna baxmayaraq kursun müəllimi Sona Hacıyeva dərsləri dayandırmayıb, artıq 5 aydır ki,online dərslər davam etdirilib və bu gün artıq təhsilin başa çatması haqqında şəhadətnamələrin təqdimatına başlanılıb.
7-ci ildir miqrantlar üçün müxtəlif dillərdə kursların və dərnəklərin təşkili miqrantlara çox böyük dəstək olub və onların cəmiyyətə inteqrasiyasını asanlaşdırıb. O, miqrantların bu kursdan razı qaldıqlarını və artıq sərbəst öz fikirlərini ifadə edə bildiklərini önə çəkərək AzQAC–nin rəhbərliyinə, Azərbaycan dili müəllimi Sona Hacıyevaya təşəkkür etdi. Sonra İctimai Layihələr koordinatoru Mətanət Qaraxanova çıxış edərək miqrasiya məsələsinin bu gün ən aktual və önəm kəsb edən məsələ olduğunu vurğulayaraq onlara qayğı və diqqət göstərməyin vacibliyindən, AzQAC–nin azərbaycan dili dərslərinin təşkili təşəbbüsündən söz açaraq miqrantların cəmiyyətə inteqrasiyasına dəstək kimi bu kursun xüsusi əhəmiyyət daşıdığını vurğuladı və müdavimləri kursun başa çatması münasibəti ilə təbrik etdi və bu işdə Qızıl Aypara Cəmiyyətinə, kursun müəlliminə təşəkkür etdi.
Sonra 7-ci buraxılış münasibəti ilə hazırlanmış sertifikatlar bir-bir müvəffəqiyyət qazanmış müdavimlərə paylandı.
Sonda valideynlər Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, müəllimə Sona Hacıyevaya, miqrasiya şöbəsinin müdiri Məmməd Kətanova, layihə koordinatoru Mətanət Qaraxanovaya bu işdə göstərdikləri böyük köməyə görə öz təşəkkürlərini bildirdilər.
Tədbir kollektiv xatirə şəkillərinin çəkilməsi və 6 ehtiyaclı əfqan ailəsinə xeyli miqdarda ərzaq yardımı edilməsi ilə başa çatdı.