Azərbaycanda COVİD-19 pandemiyası dövründə Azərbaycan Qızıl Aypara Cəmiyyəti əhalinin bütün təbəğələri arasında geniş humanitar, tibbi-sosial və psixi sağlamlığa dəstək, yönümlü fəaliyyətləri həyata keçirir. Bu fəaliyyətlər Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) dəstəyi ilə həyata keçirilir. Bu fəaliyyətlərdən COVİD-19 pandemiyasının ahıllara təsirinin öyrənilməsi birini qeyd etmək olar. Bu məqsədlə AzQAC-n Regional Mərkəzlər və Rayon Bölmələrdən könüllülər səfərbər olunmuşlar. Ahıllara baş çəkib (təhlükəsiz qaydalara riayət edərək), onlarla söhbət edib, COVİD-19 təsiri barədə sorğu aparmışlar.
Sorğu Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanmışdır. Ahıllarla yanaşı, ahıllara xidmət göstərən mütəxəssislərdən ibarət fokus qruplar yaradılaraq, COVİD-19 pandemiyasının ahıllara təsiri barədə əhatəli onlayn müzakirələr aparılmışdır. Belə ki, Bakıda yaradılan fokus qrupa Az.Respublikası Səhiyyə Nazirliyi Herontologiya Mərkəzinin direktoru Məsmə Məcidova, Az.Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və ATU Ailə təbabəti kafedralarının assisteni İlahə Rəsul, Nərimanov rayonu sosial müdafiə bölməsinin sosial xidmət şöbəsinin müdiri Xoşbəxt Seidova və AzQAC-in nümayyəndələri S.Hacıyeva-Miqrasiya şöbəsinin mütəxəssisi və M.Qaraxanova-İcmaya əsaslanan sağlamlıq proqramının kordinatoru cəlb olunmuşlar. Fokus qrupda edilən müzakirələr göstərdi ki, COVİD-19 pandemiyası dövründə ahılların onsuzda çətin olan vəziyyətlərini daha da çətinləşdirmişdir. Ahıllarda daha çox xəstələnmə qorxusu, psixoloji gərginlik, alış-veriş etmək çətinliyi, xroniki xəstəliklərin artması kimi problemlər. Bu baxımdan ölkədə AzQAC və fəaliyyət göstərən dövlət və QHT-lər tərəfindən ahıllara vaxtında humanitar və tibbi-sosial xidmətlər təşkil olunmuşdur.
Dövlət Statistika Komitəsinin 2019-ci il üçün göstəricilərinə görə, yaşı 60-dan yuxarı olan vətəndaşlar əhalinin 11,5%-ni təşkil edir (Azərbaycan Dövlət Statistika Komitəsi, Əhalinin yaş qrupları üzrə xüsusi çəkisi). Beynəlxalq proqnozlar 2050-ci ildə ölkə əhalisinin 25%-ə qədərinin yaşlılardan ibarət olacağını göstərir.
Bu o deməkdir ki, Azərbaycanda yaşlı nəslə aid əhali qrupu getdikcə daha da əhəmiyyətli təbəqəyə çevriləcək, onların ictimai həyata təsiri artacaqdır. Eyni zamanda, əhalinin yaşlanma meyli tədricən səhiyyə və sosial müdafiə xərclərinin artmasına səbəb olacaq və göstərilən məsələlər üzrə ictimai müzakirələrə yol açacaqdır. Bununla əlaqədar yaşlıların vəziyyəti və onların rifahına bilavasitə təsir edən qayğı rejimi, yaşlılara qayğının norma və idealları, yaşlılara dair siyasətin müxtəlif aspektləri, habelə onlara münasibətdə stereotip və ayrı-seçkilik məsələlərini tədqiq etmək xüsusi önəm daşıyır.