7 oktyabr 2020-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında AzQAC-ın prezidenti Novruz Aslanov, İcraçı Katibi Ceyhun Mirzəyev, İcraçı Katibin müavini Səbinə Məhbubi, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı Ariane Bauer, Əməkdaşlıq koordinatoru Laura Sesenna, İnformasiya şöbəsinin müdiri İlahə Hüseynova, Əməkdaşlıq şöbəsinin əlaqələndirici şəxsi Rasim Allazov və BQXQAC Federasiyasının Qafqaz ölkələri üzrə nümayəndəliyinin başçısı Olga Jumayevanın iştirakı ilə növbəti Hərəkatdaxili üçtərəfli görüş keçirilmişdir.
Görüşün əvvəlində Milli Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov qonaqları salamlayaraq artıq ənənə xarakteri daşıyan üçtərəfli görüşün vacibliyini və əhəmiyyətini xüsusi olaraq vurğuladı. Mövcud vəziyyətin çətinliyini və ağırlığını nəzərə alaraq görüləcək işlərin dərhal və operativ olaraq həyata keçirilməsinin vacibliyini iştirakçıların diqqətinə çatdırdı. Cəbhəyanı ərazilərdə düşmən hücumundan zərər çəkən mülki əhaliyə yardımın göstərilməsinin tezləşdirilməsini xüsusi qeyd etdi. Bunun üçün istər AzQAC-ın, BQXQA Federasiyasının, istərsə də BQXK-nın birgə əməkdaşlığının mövcud vəziyyətə öz müsbət töhfəsini verəcəyindən əmin olduğunu söylədi. Zərər çəkən mülki əhalinin ehtiyaclarının təmin olunması üçün qısa zamanda xüsusi tədbirlər görülməsinin tərəfdarı olduğunu qeyd etdi.
Daha sonra çıxış edən BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Ariane Bauer hazırki vəziyyətdə təhlükəsizlik və müdafiə məsələlərinin vacibliyini xüsusi qeyd etdi. Bunun üçün xüsusi mütəxəsislərin təcrübələrindən yararlanacaqlarını söylədi. Mövcud vəziyyətdə kommunikasiya və koordinasiya işinin dəqiq və operativ aparılmasının vacibliyini qeyd edən başçı bu sahədə AzQAC-ın köməyinin məqsədəuyğun olacağını xüsusi vurğuladı. Böhran şəraitində informasiyanın düzgün ötürülməsinin, beynəlxalq ictimaiyyətə hansı mesajların verilməsinin birlikdə hazırlanmasının vacibliyni qeyd etdi. Həmçinin, AzQAC-ın şəhər və rayon bölmələrinin cəbhəyanı ərazilərdə yaşayan mülki əhalinin ehtiyaclarını öyrənərək məlumat verməsinin önəmindən danışdı.
Hazırki vəziyyətdə cəhbəyanı ərazilərdə işlərini davam etdirən Fövqəladə Mobil Könüllü Dəstələrin uğurlu fəaliyyətindən danışan BQXQAC Federasiyasının Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Olga Jumayeva koordinasiya işinin çox səriştəli aparıldığını söylədi. Hərəkatın hər üç komponentinin zərərçəkən mülki əhaliyə dəstək olunmasını qarşılqılı əməkdaşlıq və koordinasiyalı hərəkət şəkildə edilməsinin vacibliyini xüsusi qeyd etdi. Federasiyanın öz növbəsində bütün yardımlara və dəstəyə hazır olduğunu söylədi.
AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev çıxış edərək Hərakatın davamlılıq planının hazırlanması prosesinin hazırda hansı səviyyədə qaldığını və işçi qrupunun gələcək planları baradə ətraflı məlumat verdi. Həm də öz növbəsində məlum hadisələr zamanı BQXK-nın Bakı offisinin əməkdaşlarının çevikliyinə görə nümayəndəliyin rəhbərinə öz təşəkkürünü bildirdi.
Sonda mövcud imkanların səfərbər olunması qərarına gəlindi. Cəmiyyətin prezidenti cənab Novruz Aslanov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Ariane Bauerə və Komitənin əməkdaşlarına, BQXQAC Federasiyasının Qafqaz ölkələri üzrə nümayəndəliyinin başçısı xanım Olga Jumayevaya öz təşəkkürlərini bildirdi. Novruz Aslanov bildirdi ki, bu tip üç tərəfli kooordinasiya görüşlərinin gələcəkdə də lazım olduğu təqdirdə keçiriləcəkdir.