12 oktyabr 2020-ci il tarixdə AzQAC-ın baş ofisində növbəti koordinasiya iclası keçirildi. İclası giriş sözü ilə açan Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov istirahət günləri belə gücləndirilmiş iş rejimində çalışdıqlarını bildirdi. AzQAC-ın baş qərargahında keçirilmiş operativ müşavirənin qəbul etdiyi Fövqəladə Hallara Hazırlıq və Cavabvermə üzrə 4 qrupdan ibarət olmaqla tədbirlər planının hazırlanması haqqında iclas iştirakçılarına ətraflı məlumat verdi. Fəaliyyətlərimizin istər BQXQAC Federasiyası, istərsə də BQXK ilə qarşılıqlı koordinasiya şəklində həyata keçirildiyini söylədi. Qarşı tərəfin 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozması nəticəsində Gəncədə dinc mülki əhalimizə qarşı qanunsuzluqlar törədiblər.
Daha sonraçıxış edən AzQAC prezidentinin Fövqəladə Hallara Hazırlıq və Cavabvermə üzrə müşaviri Elşən Səlimzadə Türkiyə Qızıl Aypara Cəmiyyətinin 4 tırdan ibarət humanitar yardımın artıq Azərbaycanda olduğunu bildirdi. Yardımların müvafiq ərazilər üzrə göndərilməsi işinin təşkil edilməsinin rəhbərliklə müzakirə ediləcəyini söylədi.
Humanitar yardımların paylanılmasının sistemli şəkildə həyata keçirilməsinin vacib olduğunu əlavə edən Novruz Aslanov bütün fəaliyyətlərimizin rəsmi internet səhifəmizdə mütəmadi olaraq yerləşdirilməsi tapşırığını verdi. Həmçinin, Türkiyə Qızıl Aypara Cəmiyyətinə öz dərin minnətdarlığını bildirdi.
AzQAC-ın İdarə rəisi- vitse-prezident Əziz Qocayev çıxışında Bərdə, Tərtər və Ağdam rayonlarında Cəmiyyətin müvafiqrayon bölmələrinin qiymətləndirmə işlərini apardığını və ehtiyaclara uyğun olaraq yardımlar payladığını söylədi. Bu yardımların 1500 nəfəri əhatə etdiyini bildirdi
Təkliflər və rəylər dinlənildi, müzakirələr aparıldı. Təşkilati məsələlər AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadəyə tapşırıldı.