13 oktyabr 2020-ci ildə Türkiyə Qızıl Ay Cəmiyyətinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Kaan Soner AzQAC-ın Baş ofisində rəsmi səfərdə oldu. Rəsmi səfərdə olan Kaan Soner AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovla görüşdü.Görüş zamanı Novruz Aslanov başda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri (BQX/QAC) Federasiyasının Avropa zonası üzrə vitse-prezidenti, Türkiyə Qızıl Ay Cəmiyyətinin prezidenti Kərəm Kınık olmaqla bütün Türk Qızıl Ayın əməkdaşlarını salamladı. Son günlər Dağlıq Qarabağda olan vəziyyətdən narahatlıq hissini bildirərək,Oktyabrın 1-də BQX/QAC Federasiyasının Avropa zonası üzrə vitse-prezidenti, Türkiyə Qızıl Ay Cəmiyyətinin prezidenti Kərəm Kınık zəng edərək son günlər Dağlıq Qarabağ ərazisində olanlardan rahatsız olduğunu bildirdi və bu ağır vəziyətdə həmişə olduğu kimi, AzQAC-a istənilən formada humanitar yardım göstərməyə hazır olduğunu dedi. Belə çətin bir zamanda dost, qardaş diqqəti göstərərək zəng etməsini və mənəvi dəstək verməsini, həm də humanitar yardım göstərmək istəyinin olmasını yüksək dəyərləndirən Cəmiyyətin prezidenti bir daha Kərəm Kınıka və Türk Qızıl Ayın üzvlərinə və kollektivinin təşəkkürünü bildirdi.
Daha sonra Novruz Aslanov Kaan Sonerin diqqətinə çatdırdı ki,qarşı tərəf 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla mülki əhaliyə qarşı qanunsuzluqlar etmişlər.
Lakin buna baxmayaraq, öz humanitar missiyasına sadiq qalaraq AzQAC-ın əməkdaşları humanitar yardımları davam etdirirlər. İlk gündən AzQAC-ın yerli bölmə əməkdaşları, mobil könüllü dəstələri mülki şəxslərin təxliyyəsində, yaralılara köməklik göstərilməsində və digər işlərdə fəallıq nümayiş etdirmişlər.
Daha sonra, Novruz Aslanov Oktabr ayının 2-də Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin(TİKA) ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinə(AzQAC) döyüş bölgəsində mobil könüllü dəstələri və Cəmiyyətin cəbhəyanı yerli bölmələri üçün nəzərdə tutulan zəruri dərman və tibbi ləvazimatlarla təchiz olunan 500 ədəd ilk yardım çantalarının təqdimatından söz açdı və fürsətdən istifadə edib bir daha Türkiyyə Cümhuriyyətinin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özoral və TİKA-nın Azərbaycandakı rəhbəri cənab Teoman Tiryakiyə bir daha təşəkkür etdi.
Sonra Kaan Soner Azərbaycanda olduğundan və Cəmiyyətin prezidenti, milli məclisin deputatı cənab Novruz Aslanovla görüşündən məmnun olduğunu bildirdi və AzQAC ilə Türkiyə Qızıl Ay Cəmiyyəti arasındakı mövcud isti dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrinin gələcəkdə də, davam edəcəyini söylədi.
Məlumat üçün bildirək ki, Türkiyə Qızıl Ay Cəmiyyəti tərəfindən Qarabağdakı hərbi eskalasiyadan təsirlənən Azərbaycan sakinlərinə humanitar yardım məqsədilə göndərilən 4 yük maşını artıq Azərbaycandadır.