2020-ci il noyabrın 11-də keçirilən iclasda çıxış edən AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov pandemiya ilə mübarizə çərçivəsində Milli Cəmiyyətin fasiləsiz olaraq işlədiyini xüsusi qeyd etdi. Mövcud vəziyyətdə cəbhəyanı ərazilərdə AzQAC-ın yüksək səviyyədə fəaliyyətlər həyata keçirildiyini bildirdi. Həmçinin, istər BQXK, istərsə də BQXQAC Federasiyası ilə qarşılıqlı əməkdaşlıq əlaqələri yüksək səviyyədə təşkil olunmuşdur. Natiq çıxışında Türkiyə Qızıl Ay Cəmiyyətinin münaqişə zamanı zərərçəkən insanlara humanitar yardımların göstərilməsində fəallıq nümayiş etdirdiyini xüsusi olaraq qeyd etdi. Türkiyə Qızıl Ay Cəmiyyətinin göndərdiyi humanitar yardımların paylanılması prosesi onların iştirakı ilə yüksək səviyyədə və operativ olaraq təşkil edilmişdir. Novruz Aslanov işğaldan azad olunmuş şəhər və rayonlarda Fövqəladə Mobil Könüllü Dəstələrin yaradılmasına, həmçinin, həmin ərazilərdə AzQAC-ın yerli bölmələrinin fəaliyyətini təmin etmək məqsədilə yeni ofis binalarının inşa olunması üçün müvafiq təkliflərin hazırlanmasına göstəriş verdi.
Daha sonra çıxış edən AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev BQXK və BQXQAC Federasiyası ilə müzakirələrin aparıldığını və 3 tərəfli görüşlərin məqsədə uyğun olaraq təşkil edildiyini qeyd etdi. İcraçı Katib COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən layihələr üzrə işlərin plana uyğun olaraq davam etdirildiyini söylədi.
AzQAC-ın idarə rəisi-vitse-prezident Əziz Qocayev münaqişə zamanı zərəçəkən könüllülərimizin daim Cəmiyyətin diqqət mərkəzində olduğunu söylədi. Bərdə rayon bölməsinin bu sahədə fəallıq göstərdiyini qeyd etdi.
İcraçı Katibin müavini Səbinə Məhbubi İran BMT tərəfindən 2400 ailəyə dəstək olmaq məqsədilə humanitar yardımların göndərilməsinin nəzərdə tutulduğunu söylədi. Həmçinin, BQXQAC Federasiyasının kommunikasiya üzrə mütəxəssisinin növbəti həftə Azərbaycana gələcəyini də qeyd etdi.
Daha sonra çıxış edən AzQAC-ın Mirqasiya şöbəsinin müdiri Məmmət Kətanov çıxışında Litva səfirliyinin dəstəyi ilə həyata keçirilən TOM layihəsinin artıq başa çatdırıldığını, bu layihə çərçivəsində Qazax rayonunun Şıxlı-2 kəndində Təhlükəsiz Oyun Meydançasının inşa edilərək məktəbə təhvil verildiyini bildirdi.