1 dekabr “Ümumdünya AİDS-lə mübarizə günü”, 5 dekabr “Beynəlxalq Könüllülər günü” münasibətilə keçiriləcək tədbirlərin planlaşdırılmasına dair AzQAC-ın baş ofisində aidiyyatı şöbələrin iştirakı ilə iclas keçirildi. İclası giriş sözü ilə açan AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə qarşıdan gələn əlamətdar günlərlə əlaqədar olaraq ətraflı məlumat verdi. Vitse-prezident daha sonra tədbirlər planı ilə əlaqədar olaraq təklifləri dinlədi.
1 dekabr “AİDS-lə mübarizə günü” ilə əlaqədar olaraq şəhərdə maarifləndirici işlərin aparaılmasının önəmindən danışan AzQAC-ın gənclər və könüllülər şöbəsinin müdiri-icraçı katibin müavini Xalidə İsgəndərova məlumatlandırıcı buklet və broşurların əhali arasında paylanılmasının məqsədəuyğun olduğunu xüsusi olaraq qeyd etdi. Eyni zamanda COVİD-19 ilə mübarizə çərçivəsində tibbi maskaların paylanılmasının vacibliyini söylədi. Əhali arasında bu tədbirlərin AzQAC-ın könüllülləri tərəfindən həyata keçiriləcəyini söylədi.
İclasda iştirak edən İcraçı katibin müavini Şaban Şayev, Humanitar yardım şöbəsinin müdiri Əliağa Abbasov, Fondların artırılması şöbəsinin müdiri Emil Seyidəliyev və İnformasiya şöbəsinin müdir müavini Xalid Xəlilov tədbirlər planı haqqında öz təkliflərini irəli sürdülər.