2021-ci il iyunun 1-də AzQAC-ın İdarəetmə Şurasının iclası keçirilmişdir. İclasda 8 məsələ ətrafında müzakirələr aparılmışdır. İclası giriş sözü ilə açan AzQAC-ın prezidenti, AzQAC İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı Novruz Aslanov iclas iştirakçılarını salamladı. Cəmiyyətin prezidenti iştirakçıları 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təbrik etdi.
AzQAC İdarəetmə Şurasının sədri çıxışında istər pandemiya istərsə də müharibə dövründə ictimaiyyət üçün çox mühüm layihələrin həyata keçirildiyini xüsusi olaraq qeyd etdi. Bu ilk dəfə olaraq rahatlıqla 8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı gününün silsilə tədbirlərlə qeyd edildiyini nəzərə çatdırdı. AzTV-də AzQAC, BQXK və BQXQAC Federasiyasının rəhbər şəxslərinin nümayəndələrinin iştirakı ilə böyük bir verilişin hazırlanaraq yayımlandığını söylədi. Hərəkatın tərkib hissələrinin Azərbaycanda fəaliyyəti haqqında ictimaiyyətə geniş məlumatın verildiyini bildirdi. Həmçinin, Cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadənin və Sumqayıt şəhər bölməsinin və könüllülərin iştirakı ilə verilişin hazırlanaraq televiziyada yayımlandığını da diqqətə çatdırdı. Yayım seminarlarının təşkili, ictimaiyyət arasında məlumatverici materialların paylanılması xəstəxana və uşaq evlərində humanitar yardımların paylanılması işi həyata keçirildi.
Həmçinin, bu il daha bir əlamətdar hadisənin baş verdiyini söylədi. Belə ki, “Florence Nightingale” medalına Arəstə Baxışovanın layiq görülməsi AzQAC üçün də çox mühüm bir hadisədir. Bu medalın AzQAC-ın təqdimatı ilə ona verilməsinin isə çox sevindirici bir hal olduğunu söylədi.”
Daha sonra çıxış edən Cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadə “Florence Nightingale” medalına dünyada cəmi 1540 nəfərin layiq görüldüyünü və bunların içərisində 12 tibb bacısının və 1 tibb qardaşının, məhz, Azərbaycandan olması çox qürurverici bir hadisə olduğunu iştirakçıların nəzərinə çatdırdı. 2021-ci il mayın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrədə “Beynəlxalq Tibb Bacıları” günü münasibətilə keçirilən “Florence Nightingale” medalının 48-ci təltifetmə mərasimində dünyada 18 ölkədən 25 tibb bacısı bu medala layiq görülmüşdür. Arəstə Baxışovanın medalı iyun ayının 9-da keçiriləcək tədbirdə təntənəli mərasimlə onun ailə üzvlərinə təqdim ediləcəyini diqqətə çatdırdı.
AzQAC-ın İcraçı katibi Ceyhun Mirzəyev çıxışında bu ilin aprel ayında Türk Şurasına üzv dövlətlərinin Qızıl Aypara cəmiyyətlərinin rəhbərlərinin görüşü keçirilmişdir. Bu görüş zamanı 5 milli cəmiyyət arasında bilik və bacarıqların bölüşdürülməsi, fövqəladə hallar zamanı dəstəyin göstərilməsi məqsədilə işçi qrupun yaradılması qərara alınmışdır.
Daha sonra çıxış edən İdarəetmə Şurasının üzvü Nazim Məcidov AzQAC-ın Novruz Aslanovun rəhbərliyi ilə 21 ildir inkişaf mərhələsində olduğunu qeyd etdi. Bir ildən artıq müddətdə pandemiya dövründə AzQAC-ın öz fəaliyyətini dayanmadan, fasiləsiz olaraq uğurla həyata keçirdiyini söylədi.
Gənclər və Könüllülər şöbəsinin müdiri, İcarçı katibin müavini Xalidə İsgəndərova çıxışında 2021-2025-ci illər AzQAC-ın Strateji İnkişaf Planına əsasən fəaliyyətlərini davam etdirdiklərini söylədi. 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki və Lənkəran şəhərlərində yerləşən uşaq evlərinə ümumilikdə 1604 nəfər uşağa yardımlar paylanılmışdır.
İdarəetmə Şurasının üzvü İsa Qaraşov çıxışında AzQAC-a daim dövlət dəstəyinin göstərildiyi söylədi. İstər Ulu öndər Heydər Əliyevin, istərsə də Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı həmişə Cəmiyyətin inkişafına xüsusi dəstək vermişdir.
Sonda təkliflər və rəylər dinlənilmiş, müvafiq qərarlar qəbul edilmişdir.