13-15 iyul 2021-ci il tarixində AzQAC-ın Tərtər, Ağdam, Qazax və Füzuli bölmələrinin Fövqəladə Mobil Könüllü Dəstələrə (FMKD) yeni qoşulmuş könüllüləri üçün Bakı şəhərində “İlk Yardımın Əsasları” təlimi təşkil edildi.
İlk yardımın məqsədi zərərçəkmiş insanın həyatını xilas etmək, ağrılarını yüngülləşdirmək və vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün adi və zəruri tibbi tədbirlərin görülməsindən ibarətdir. Həyat göstərir ki, ilk yardım göstərilməsini tələb edən vəziyyət qəfildən, vaxt çatışmazlığı və əksər hallarda tibbi təhsilli adamların olmadığı bir şəraitdə yaranır. Hər saniyənin qiymətli olduğu belə vəziyyətlərdə hadisə yerindəki adamlar vahiməyə düşmədən tez və qətiyyətli hərəkət etməlidirlər.
Bu təlim kursunda iştirakçılar nəzəri biliklərlə yanaşı praktiki nümayişlər də göstərdilər. Təlimin sonunda iştirakçılar müxtəlif ssenarili simulyasiya məşğələsində iştirak etdilər. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılar kursda yer alan mövzularda əsas İlk Yardım texnikalarını yerinə yetirə və təcili vəziyyətlərdə İlk Yardım Postu qurub fəaliyyət göstərə biləcəklər.
Təlim Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsinin təlimçiləri tərəfindən həyata keçirildi.