19 iyul 2021-ci il tarixdə AzQAC-ın baş qərargahında keçirilən görüşdə AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə, İcraçı Katib Ceyhun Mirzəyev, Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri Elşən Səlimzadə, Türkiyə respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağçalı, Türk Qızıl Ay Cəmiyyətinin İdarə Heyətinin üzvü Ercan TAN, Türk Qızıl Ay Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Semih Paslı və iş adamı Mustafa Mercan iştirak etmişdir. Qonaqları salamlayan AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun salamlarını və xoş arzularını cənab səfirə bildirdi. Son zamanlar AzQAC ilə Türk Qızıl Ay Cəmiyyəti arasında mövcud olan əməkdaşlıq və qardaşlıq əlaqələrindən söz açdı. Vitse-prezident çıxışında COVİD-19 ilə mübarizə zamanı AzQAC-a Türk Qızıl Ay Cəmiyyətinin göstərdiyi dəstəyi xüsusi olaraq vurğuladı.
Daha sonra çıxış edən səfir AzQAC-ı ziyarət etməkdən məmnunluğunu bildirdi. Azərbaycan respublikası ilə Türkiyə respublikası arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinə toxundu. Çıxışında xüsusilə Türk Qızıl Ay Cəmiyyəti tərəfindən 90-cı illərdən bəri həm 1-ci Qarabağ müharibəsində 10 il müddətində Azərbaycana göstərilən dəstəkdən, həm də son dönəmdə COVİD-19 pandemiyasından və 2-ci Qarabağ müharibəsi zamanı müharibədən zərərçəkən mülki əhaliyə göstərilən yardımlardan söz açdı. Söhbət zamanı tərəfləri maraqlandıran məsələlərə, eləcə də, Türk Qızıl Ay Cəmiyyəti ilə gələcəkdə həyata keçiriləcək layihələrə toxunuldu.