COVID-19 koronavirus pandemiyası uzun müddətdir ki, bütün dünyanı gərgin vəziyyətdə saxlamaqdadır. Bu günə kimi planetdə həddindən çox insan bu xəstəliyə yoluxmuş, bəziləri həyatını itirmişdir. Bəşəriyyətin pandemiyaya qarşı mübarizəsi ciddi şəkildə davam etsə də, hələ ki, virusun yayılmanı dayandırmaq mümkün olmamışdır.
Pandemiyanın elan edildiyi vaxtdan bu günə qədər onunla mübarizədə fərqlənən, ona qarşı vaxtında və effektiv tədbirlər görən ölkələr sırasında Azərbaycan da yer almışdır. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında müdriklik və uzaqgörənliklə həyata keçirilmiş çoxşaxəli qabaqlayıcı tədbirlər, pandemiyanın iqtisadiyyata vurduğu zərbələr fonunda insanların sağlamlığı və sosial təminatının ön plana çəkilməsi ölkəmizi gözəgörünməz düşmənin ilk həmlələrindən xilas edə bilmişdir.
Koronavirus və onun yayılması nəticəsində yaranmış problemlərlə bağlı dövlət orqanlarının, o cümlədən gəncləri ətrafında birləşdirən təşkilatların üzərinə çox böyük vəzifələr düşdüyünü nəzərə alınaraq, Qaradağ rayon Gənclər və İdman İdarəsi Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon bölməsi və Ə.Əmirov adına Mədəniyyət Sarayı ilə birgə COVID-19 xəstəliyinə qarşı mübarizə aparmaq üçün maarifləndirmə işlərinin daha da gücləndirilməsi, bu məqsədlə əyani vasitələrdən istifadə edərək cəmiyyətin bütün təbəqələrindən olan insanları bu işə cəlb etmək qərarına gəldi. Kütləvi informasiya vasitələrində, televiziya kanallarında, informasiya agentliklərinin bülletenlərində, internet portallarında, sosial şəbəkələrdə çoxsaylı məqalələr dərc olunur. Bu iş bu gün də davam etməkdədir. Amma gəncləri belə formatlı maarifləndirmə tədbirlərinə cəlb etmək düşünürük ki, mübarizənin effektivliyinin artmasına daha da təkan verər və o daha qlobal xarakter alar.
Bu məqsədlə yuxarıda adları çəkilən idarə və təşkilatlar tərəfindən 23 sentyabr 2021-ci ildə “COVİD-19-un qarşısını birlikdə alaq” adlı maarifləndirmə tədbiri keçirildi. Tədbirə cəlb olunmuş gənclər COVİD-19 pandemiyası ilə əlaqədar hazırlanmış tabloların qarşısında dayanaraq əhaliyə “COVİD-19”-a yoluxmadan qorunun”, “COVİD-19 yayılması zamanı stress vəziyyətinin öhdəsindən necə gəlmək olar?”, “COVİD-19: Qarşısını almaq üçün 10 addım” mövzulu broşürlər payladılar.
Üç saatdan çox davam edən maarifləndirmə tədbirində 1500-dən çox broşürlər paylandı.
Şübhəsiz ki, keçirilən tədbir rayonun nə bütün ərazisini, nə də əksər əhalisini əhatə edə bilmədi. Ona görə də müvafiq mövzuda tədbirlər yaxın vaxtlarda rayonun digər qəsəbələrində də təşkil olanaraq keçiriləcəkdir.