İnsan həyatı üçün bilavasitə ciddi təhlükə hesab olunan yoluxucu xəstəlik Vərəm hələ də dünya tibbini narahat edən hava, damcı yolu ilə yayılan ən kəskin xəstəliklərdən biridir. Onilliklər boyu bu xəstəliklə mübarizə, müayinə və müalicə yolları araşdırılmaqda və müalicə yönümlü uyğulamalar tapılmaqdadır. Son illərin tədqiqatları göstərdi ki, Vərəm sağalabilən xəstəlikdir. Ancaq Covid-19 pandemiyası dünyanı bürüyəndən dünyada digər təhlükəli xəstəliklərlə mübarizə bir növ diqqətdən kənarda qalmış kimidir. Bizim ölkəmizdə də Vərəmin ilkin aşkarlanması və rezistent Vərəmin müalicəyə qoşulması tendensiyasının bir qədər azalması müşahidə olunur.Vərəm dispanserlərinin və müalicə müəssisələrinin də baxımsızlıq və kadr çatışmazlığı ucbatından bağlanması və ya kiçildilməsi ciddi narahatlıq doğurur. Səhiyyə Nazirliyi nəzdində Ölkə Əlaqələndirmə Komitəsində (CCM)vərəmlə mübarizənin mövcud vəziyyəti ilə bağlı vaxtaşırı keçirilən müzakirələrin nəticəsi olaraq Azərbaycan Vərəm Əleyhi Koalisiyası Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə birgə may-iyun aylarında Qobu, Qobustan və Sumqayıt qaçqın şəhərciklərində məskunlaşmış əhali üçün üç həftəlik skrininqlərin davamı olaraq sentyabrın 29-dan oktyabrın16-na kimi respublikanın 8 ucqar rayonları və kəndlərində əhalinin səyyar mobil FUJİ film FDR X-air yapon rentgen aparatı ilə döş qəfəsinin vərəm və covidə görə ödənişsiz rentgenoqrammasını(skrininq) keçirdi.
Əhatə olunan rayonlar: 29 sentyabrdan 16 oktyabra qədər Qusar, Quba, Xaçmaz, Masallı, Lənkəran, Gəncə, Goranboy və Bərdə oldu. Ümumi müayinə edilənlərin sayı 1080 nəfər oldu. Ağciyərlərində covid sonrası dəyişiklik və vərəmə şübhəli olan 58 nəfərdən yaxma nümunəsi götürülərək laboratoriyaya və müvafiq terapevt / ftiziator həkim müayinələrinə yönəldildilər. Bu xeyirxah fəaliyyət əhali tərəfindən yüksək qiymətləndirildi. Koalisiyanın tərkib komponenti kimi Azərbaycan Qızıl Aypara Cəmiyyətini İctimai Layihələr proqramının əməkdaşları Mətanət Qaraxanova və Sona Hacıyeva fəal şəkildə təmsil etdilər.
26 oktyabrda CCM-in dövri iclasında fəaliyyətin nəticələri yüksək təşəbbüskarlıq nümunəsi kimi dəyərləndirildi və planauyğun şəkildə bunun davamlı olması nəzərə alındı.
Sona Hacıyeva
Az.QAC Miqrasiya şöbəsi