Fevral ayının 15-də Ağdam rayonunun Quzanlı və Tərtər rayonunun Borsunlu kəndində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə əhalinin vaksin olunması və pandemiya dövründə vaksinasiyanın vacibliyi mövzusunda təbliğat və təşviqat tədbirləri keçirilmişdir.
AzQAC-ın 12 könüllüsü və icraçı katibin müavini Səbinə Məhbubi İran-ın rəhbərliyi ilə kənd əhalisinə vaksinasiya ilə bağlı maarifləndirmə işləri aparılıb. Maarifləndirmə tədbirləri Beynəlxalq Qızıl Xaç Komitəsinin yeni təmir etdiyi mobil səhiyyə ocaqlarında həyata keçirildi. Bundan əlavə, könüllülər məktəbləri, evləri ziyarət edərək və yolda olan insanlara COVİD-19 pandemiyası ilə bağlı maarifləndirici məlumatlar verdilər.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti pandemiya dövründə dövlətə yardımçı rolunu icra edərək, yekunda həkimlərin nəzarəti ilə səhiyyə məntəqələrinə gigiyenik və dezinfeksiya məhsullarə ilə təmin etdi.