İclasdan öncə AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanova rəsm sərgisi haqqında məlumat verildi. COVID 19 pandemiyası ilə əlaqədar 65 rayonda, 260 məktəbdə, 1200 şagird arasında USAID dəstəyi ilə rəsm müsabiqəsi keçirilmişdir. Əlavə olaraq məlumat verildi ki, “Mərhəmətli Olmağa Tələsin” devizi altında AzQAC-nin və Türk Kızılay-ın birlikdə Qızıl Aypara Cəmiyyətini və Türk Kızılay-ı “yaddaşlarınızda necə qalıb” mövzusunda Ağdam, Füzuli, Tərtər və Gəncə şəhərində rəsm müsabiqəsi keçirilmişdir. Seçilmiş şəkillərin yaxın zamanlarda rəsm sərgi evində sərgisi keçiriləcək.
İclası giriş sözü ilə açan AzQAC-ın prezidenti İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı Novruz Aslanov çıxışında 7 aprel 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti, Zati-aliləri, möhtərəm İlham Əliyev cənablarının “Qızıl Aypara gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, hər il mart ayının 10-u “Qızıl Aypara Günü” kimi qeyd edildiyini bildirdi.
Sonra Novruz Aslanov Cəmiyyətin tarixi haqqında ətraflı məlumat verdi. “İkinci dünya müharibəsi illərində və ondan sonrakı dövrlərində yaralı əsgərlərimizə göstərdikləri fədakar və qayğıkeş xidmətləri, qan donorluğu sahəsindəki, ümumiyyətlə şəfqət sahəsindəki xeyirxah işlərini nəzərə alaraq, bir çox şəfqət bacısı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən yüksək mükafatı «Florens Naytinqeyl» (Florence Nightingale) medalı ilə təltif edildilər. Onların arasında AzQAC-ın şəfqət bacıları da olmuşdur. Bu gün Milli Cəmiyyətin 12 şəfqət işçisi də «Florence Nightingale» medalı ilə təltif olunmuşdur. Dünyada bu medala cəmi 1500 nəfərdən artıq şəxs layiq görülmüşdür.”
1991-ci ildə “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən bir neçə gün sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti də özünün müstəqil fəaliyyətini elan edərək, müvafiq qərar qəbul etmişdir. Həmin dövrdə çox çətinliklərlə üzləşən Qızıl Aypara Cəmiyyəti məhz Ümumilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün yeni inkişaf dövrünə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Cəmiyyət dövlət tərəfindən rəsmən tanındı. Bundan sonra, 1995-ci ilin noyabr ayının 1-də AzQAC Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən rəsmən tanındı. Həmin ilin noyabr ayının 26-da isə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına tam, bərabər hüquqlu, daimi üzv kimi qəbul edildi.
Azərbaycanı böyük inkişaf yoluna, parlaq gələcəyə aparan Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü, möhtərəm Prezidentimiz İlham Əliyev 31 yanvar 2004-cü ildə «Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında» Sərəncam imzalamışdır. Bu qayğının davamı olaraq, 2007-ci ildə «Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında» Qanunun qəbulu Cəmiyyətin statusunun, hüquqularının, fəaliyyət istiqamətlərinin, hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm addım oldu. Ümumilikdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Cəmiyyətin fəaliyyəti ilə bağlı 9 fərman və sərəncam imzalamışdır.
102 il şərəfli inkişaf yolu keçmiş, ən qocaman humanitar, qeyri-hökumət təşkilatı olan AzQAC hal-hazırda sıralarında 350000-dən çox üzvü, 20000-ə yaxın könüllünü birləşdirir. Hazırda AzQAC-ın 92 rayon, şəhər, sahə bölməsi, 8 regional mərkəzi fəaliyyət göstərir. Beynəlxalq Hərəkatı respublikamızda təmsil edən Cəmiyyətin əsas məramı Hərəkatın 7 Fundamental prinsipini rəhbər tutaraq, müvafiq qanunvericilik çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə, münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə təmənnasız ilkin tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlərin göstərilməsindən ibarətdir. Bu mənada Cəmiyyətin fəaliyyəti çoxşaxəlidir.
Bu əlamətdar gün münasibətilə hər il mart ayının 10-u respublikada Cəmiyyətin yaranma ildönümü kimi təntənə ilə qeyd olunur və bir sıra silsilə tədbirlər həyata keçirilir. 2020-ci ildə AzQAC-ın 100 illik yubileyi münasibətilə möhtərəm Prezidentimiz, Zati-Aliləri cənab İlham Əliyevin Sərəncamına əsasən aztəminatlı vətəndaşlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki xidmətlərinə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 19 nəfər əməkdaşı orden və medalla təltif olunmuşdur.
Cəmiyyət eyni zamanda respublikada ümumbəşəri bəlaya çevrilmiş COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində öz qüvvələrini səfərbər edərək humanitar missiyasını davam etdirir. Pandemiya dövründə AzQAC-ın könüllüləri və əməkdaşları tərəfindən ehtiyaclı, ahıl insanların evlərinə humanitar yardımlar aparılmışdır. Bu layihə çərçivəsində əhali arasında maarifləndirmə işləri aparılmış, məlumatverici buklet və broşurlar əhali arasında paylanılmışdır. Mülki əhaliyə ərzaq, qeyri-ərzaq və sanitayzerlərin paylanılması işi də həyata keçirilmişdir. Mövcud vəziyyətlə əlaqədar olaraq AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov dərhal operativ qərargahın yaradılması üçün göstəriş verdi. Operativ qərargah Novruz Aslanovun rəhbərliyi ilə mütəmadi olaraq fasiləsiz fəaliyyət göstərmiş, istər yerli, istərsə də beynəlxalq təşkilatlarla onlayn görüşlər keçirmişdir. Keçirilən koordinasiya iclaslarında qəbul edilən qərarlar əasasında istər pandemiyadan, istərsə də müharibədən zərər çəkən insanlara təxirəsalınmaz humanitar yardımların – ərzaq və qeyri-ərzaq bağlamalarının, sanitar-gigiyenik dəstlərin və s. paylanılması məsələsi öz müsbət həllini tapmışdır.
Daha sonra söz Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse prezidenti Qafar Ərgərzadəyə verildi. O da öz növbəsində 102 illik şərəf yolunu keçmiş ölkədə yeganə qocaman humanitar təşkilatlardan biri olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tarixindən və bugünki inkişaf dövründən söz açdı.
Daha sonra söz AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyevə verildi. Ceyhun Mirzəyev 2022-ci ilin Yanvar-Mart ayları ərzində AzQAC katibliyinin həyata keçirdiyi fəaliyyətlər haqqında məlumat verdi.
Daha sonra AzQAC-ın keçmiş icraçı katibi hal-hazırda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri federasiyasının Türkiyə Nümayəndəliyi Əməliyyatlar üzrə koordinatorun müavini Bəylər Talıbov-a söz verildi. O da öz növbəsində AzQAC-da çalışdığından məmnunluq hissini bildirdi və bu tədbirə təşrif buyurduğu üçün AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanova öz minnətdarlığını bildirdi.
Sonda AzQAC-nin prezidenti, Milli məclsiin deputatı Novruz Aslanov Cəmiyyətin bütün kollektivini və üzvlərini Milli Cəmiyyətin 102 yaşı münasibətilə təbrik etdi.