Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Nümayəndələr Şurası Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının bütün komponentlərini (Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri, BQXK və Beynəlxalq Federasiya) bir yerə toplayır. Nümayəndələr Şurası ümumi strategiyalar müəyyən edir və qlobal humanitar məsələlərə yanaşmalar üzrə Hərəkat daxilində uyğunlaşmanı təmin edir. Bu, üzvlər arasında əməkdaşlığın gücləndirilməsinə və əlaqələrin möhkəmləndirilməsinə töhfə verir. Azərbaycan nümayəndə heyəti qətnamələr ətrafında gedən müzakirələrdə aktiv iştirak etmişdir. Belə ki, gənc nümayəndə Nigar Rüstəmzadə Miqarasiya üzrə Hərəkat strategiyası mövzusunda çıxış edərək, bu qətnaməyə AzQAC-nin tam dəstəyini vurğuladı. Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər də keçirmişdir. Azərbaycan QAC-in prezidenti Novruz Aslanov Beynəlxalq Federasiyanın baş katibi Jagan Chapagain ilə görüşdü. AzQAC ilə Beynəlxalq Federasiya arasında mövcud olan əməkdaşlıqdan məmnunluğunu bildirən Novruz Aslanov qeyd etdi ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu münasibətlərin daha da genişləndirilməsi və gücləndirilməsi istiqamətində Beynəlxalq Federasiya ilə işləməyə daim hazırdır. Görüş zamanı işğaldan azad edilmiş ərazilərə donorların cəlb edilməsi mövzusu da müzakirə edildi. Eyni zamanda AzQAC-nin prezidenti Novruz Aslanov Birləşmiş Ərəb Əmirliklərinin Milli Cəmiyyətinin nümayəndə heyəti ilə də görüşdü və potensial tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin qurulması və Anlaşma Memorandumunun imzalanmasını müzakirə etdi. Nümayəndələr Şurasının iclası bugün yekunlaşacaqdır.