5 oktyabr 2022-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş ofisində İcma ilə İş və Hesabatlılıq (CEA) üzrə sessiya keçirilib. Sessiyanın əsas məqsədi İcma ilə İş və Hesabatlılıq (CEA) mövzusunun Milli Cəmiyyətin işçilərinə təqdimatı, onun əhəmiyyəti və müxtəlif şöbələrin bu sahədə rollarını daha yaxşı başa düşməkdən ibarət idi.
Sessiyada Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, vitse-prezident və regional bölmələrlə əlaqələr şöbəsinin rəhbəri Əziz Qocayev, icraçı katib Ceyhun Mirzəyev, aparatın rəhbəri Seymur Hümbətov, icraçı katibin müavini Xalidə İsgəndərova və digər proqramlar üzrə müvafiq şöbələrin əməkdaşları iştirak ediblər. Eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsinin Əməkdaşlıq və Kommunikasiya şöbələrinin əməkdaşları və Beynəlxalq Federasiyanın Cənubi Qafqaz üzrə regional ofisinin əməkdaşları iştirak ediblər.
Sessiyaya ümumi təqdimatlarla yanaşı, qrup işləri də daxil idi. AzQAC-ın müxtəlif şöbələrindən olan həmkarlar sessiyada fəal iştirak edərək uzun illər icmalarla işləmək təcrübələrini, fəaliyyətlər zamanı qarşılaşdıqları çətinlikləri və mümkün həll yollarını bölüşüblər.
Sessiya Beynəlxalq Federasiyanın Cənubi Qafqaz üzrə regional ofisinin əməkdaşlarının dəstəyi ilə həyata keçirilib. Bu sessiya gələcəkdə Milli Cəmiyyət üçün İcma ilə İş və Hesabatlılıq (CEA) strategiyasının qurulmasının başlanğıc nöqtəsi idi.