Respublikamızda miqrasiya sahəsində dövlət siyasəti uğurla həyata keçirilir və digər cavabdeh qurumlarla birgə ölkənin beynəlxalq aləmdə tanınmasına və inkişafına öz töhfələrini verən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də daimi olaraq qaçqın və məcburi köçkünlərlə işlər aparır və onlara mütəmadi olaraq müvafiq humanitar yardımlar edir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti artıq 10 ildir ki, əcnəbi miqrantlara təmənnasız Azərbaycan dili kursunu təşkil edir. Kurs daimidir və il ərzində müraciətlər qəbul olunur.
AzQAC-ın Miqrasiya şöbəsi bu il də öz layihəsinin davamı kimi oktyabr ayının 5-də miqrantlar üçün AzQAC-ın baş ofisində təmənnasız Azərbaycan dili kursunun 10-cu tədris ilinin açılışını etdi. Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı Sona Hacıyeva kursun ötən ildəki uğurundan, şagirdlərin yüksək göstəricilərlə orta və ali məktəblərə daxil olmasından danışaraq açılış üçün sözü AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyevə verdi. O, iştirakçıları salamladı və AzQAC-ın Miqrasiya şöbəsinin fəaliyyətlərindən və Miqrasiya sahəsində əməkdaşlıqdan danışdı. Azərbaycan dilinin miqrantların cəmiyyətə inteqrasiyasındakı mühüm rolunu vurğulayan Ceyhun Mirzəyev, yeni tədris ilində bütün şagirdlərə və tələbələrə uğurlar arzu etdi.
Açılışda Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov dedi ki, bu kurs miqrantların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır və müdavimlərə imkan daxilində humanitar yardımlar edilir. Belə ki, İran Qızıl Aypara Cəmiyyətinin ölkəmizdəki klinikasının güzəştli müayinə və müalicə kartları da verilir. Kursa ötən il ərzində xeyli sayda müdavim qatılmış və ilin sonunda 30 miqranta müntəzəm davamiyyət və yaxşı göstəriciyə görə 9 aylıq kursun şəhadətnaməsi verilmişdir.
Sonra Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı Sona Hacıyeva kursun AzQAC-ın prezidenti, millət vəkili Novruz Aslanovun şəxsi təşəbbüsü ilə açıldığına diqqəti çəkərək kursa davamiyyət və nəticələr barədə danışdı. O, əlavə yay dərslərini və qazanılan uğurları, ölkə ərazisində tarixi məkanlara və təbiət qoynuna təşkil edilən ekoloji dərsləri də iştirakçıların diqqətinə çatdırdı. Gələcəkdə də cəmiyyət bu yönümdə daha uğurlu addımlar atmağı, digər şöbələrlə birgə seminar və görüşlər keçirməyi planlaşdırır. Tədbirdə Humanitar yardım şöbəsinin müdiri Əliağa Abbasov da söz alaraq miqrantlara bu imkandan istifadə edərək dil bacarıqlarını inkişaf etdirməyi tövsiyyə etdi və əminliklə dedi ki, bu kurs sayəsində onlar Azərbaycan dilini yaxşı öyrənəcəklər.
Tədbirdə Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri Renat Vəliyev, Regional Mərkəz və Yerli Bölmələrlə iş şöbəsinin müdiri Nicat Qəniyev və Miqrasiya şöbəsinin müdir müavini Günel Güləliyeva da iştirak edirdilər.
Müəllimə Sona Hacıyeva müdavimlərin yeni kurs ili üçün qeydiyyatını apararaq Azərbaycan, onun tarixi, coğrafiyası və AzQAC-ın ölkədəki fəaliyyəti haqqında məlumat verərək, ilk tanışlıq dərsinə başladı. Dərsin vaxt cədvəli miqrantların ümumi razılığına əsasən həftədə iki dəfə olaraq müəyyən edildi. Dərsdə ilkin olaraq 22 müdavim iştirak etdi.