Dekabrın 16-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyanın (Beynəlxalq Federasiya) Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi arasında birgə fəaliyyət planı imzalanıb.
Planı AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə, Beynəlxalq Federasiyanın Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Mukhamadiev və ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı imzalayıb.
Fəaliyyət planının imzalanmasında məqsəd Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatı arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində təşkilatlar arasında tərəfdaşlığı gücləndirmək və əsas fəaliyyət istiqamətlənlərində əməkdaşlıq etməkdir. İmzalanmış fəaliyyət planı fövqəladə hallarda sağlamlıq, risk kommunikasiyası və icmalarla iş, psixi sağlamlıq və psixososial dəstək, sağlam həyat tərzinin təbliği, yoluxucu olmayan xəstəliklərin qarşısının alınması, ana, yeni doğulmuş və uşaq sağlamlığı, qurumlararası əməkdaşlıq və koordinasiya, yerli potensialın gücləndirilməsi kimi əsas sahələrdə qarşılıqlı əməkdaşlıq etməyə xidmət edir.
Qeyd edilməlidir ki, hər üç təşkilat arasında əməkdaşlıq uzun tarixə malikdir və tərəfdaşlar uzun illərdir ki səhiyyə maarifi, pandemiyaya hazırlıq və cavab tədbirləri, psixi sağlamlıq və psixososial dəstək, yaşlanma və sağlam həyat tərzinin təşviqi, yoluxucu olmayan xəstəliklərin idarə edilməsi, HİV/QİÇS və vərəm, sağlamlığa dair məlumatların idarə edilməsi kimi sahələrdə sıx əməkdaşlıq edirlər.