31 yanvar tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Səhiyyə TV arasında Cəmiyyətin baş ofisində anlaşma memorandumu imzalanıb. Görüşün əsas məqsədi iki qurum arasında əməkdaşlıq çərçivəsində aparılan işlərin, gələcəkdə planlaşdırılan fəaliyyətlərin müzakirəsi və sonda isə əməkdaşlıq memorandumunun imzalanması olub.
Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov, AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə, Səhiyyə TV kanalının təsisçisi, rəhbəri Azər Xudiyev və Səhiyyə TV kanalının əməkdaşı Leyda Kazımova iştirak ediblər.
Rəsmi görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov və Səhiyyə TV kanalının təsisçisi, rəhbəri Azər Xudiyev arasında hər iki qurumu maraqlandıran layihələr, sağlamlıqla bağlı gələcək ikitərəfli əməkdaşlıq müzakirə olunub.
Görüşü giriş sözü ilə açan Cəmiyyətin prezidenti qonaqları AzQAC-ın kollektivi, çoxsaylı könüllüləri və üzvləri adından salamlayıb, AzQAC-ın strukturundan, Cəmiyyətin səhiyyə, ilk yardım, psixososial dəstək sahəsində həyata keçirdiyi fəaliyyətlərdən, yerli və beynəlxalq qurumlarla əməkdaşlığından danışıb. Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar sahədə daima əməkdaşlığa hazır olduğunu və layihələrin həm yerli həm də regional səviyyədə həyata keçirilə biləcəyini vurğulayıb.
Səhiyyə TV kanalının təsisçisi, rəhbəri Azər Xudiyev də öz növbəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə mövcud əməkdaşlıqdan məmnunluğunu bildirib, bu əməkdaşlığın gələcək zamanlarda daha da inkişaf edəcəyinə inandığını deyib. Səhiyyə TV-nin işlərindən və gələcək fəaliyyətlərindən bəhs edən Azər Xudiyev, Milli Cəmiyyətlə sosial yönümlü layihələrdə yaxından əməkdaşlıq etmək istəyini çatdırıb. O, eyni zamanda, gələcəkdə səhiyyə sahəsində milli konqresin keçirilməsindən və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu işdə dəstəyindən bəhs edib.
Görüşün sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov və Səhiyyə TV kanalının təsisçisi, rəhbəri Azər Xudiyev anlaşma memorandumunu imzalayıblar.