AzQAC-ın 103-cü illiyi münasibətilə baş idarədə Cəmiyyətin geniş tərkibli iclası keçirilib.
İclası giriş sözü ilə açan AzQAC-ın prezidenti İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı Novruz Aslanov çıxışında 7 aprel 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti, Zati-aliləri, möhtərəm İlham Əliyev cənablarının “Qızıl Aypara gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, hər il mart ayının 10-u “Qızıl Aypara Günü” kimi qeyd edildiyini bildirdi.
Sonra Novruz Aslanov Cəmiyyətin tarixi haqqında ətraflı məlumat verdi. “İkinci dünya müharibəsi illərində və ondan sonrakı dövrlərində yaralı əsgərlərimizə göstərdikləri fədakar və qayğıkeş xidmətləri, qan donorluğu sahəsindəki, ümumiyyətlə şəfqət sahəsindəki xeyirxah işlərini nəzərə alaraq, bir çox şəfqət bacısı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən yüksək mükafatı «Florens Naytinqeyl» (Florence Nightingale) medalı ilə təltif edildilər. Onların arasında AzQAC-ın şəfqət bacıları da olmuşdur. Bu gün Milli Cəmiyyətin 12 şəfqət işçisi də «Florence Nightingale» medalı ilə təltif olunmuşdur. Dünyada bu medala cəmi 1500 nəfərdən artıq şəxs layiq görülmüşdür.”
1991-ci ildə “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən bir neçə gün sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti də özünün müstəqil fəaliyyətini elan edərək, müvafiq qərar qəbul etmişdir. Həmin dövrdə çox çətinliklərlə üzləşən Qızıl Aypara Cəmiyyəti məhz Ümumilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün yeni inkişaf dövrünə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Cəmiyyət dövlət tərəfindən rəsmən tanındı. Bundan sonra, 1995-ci ilin noyabr ayının 1-də AzQAC Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən rəsmən tanındı. Həmin ilin noyabr ayının 26-da isə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına tam, bərabər hüquqlu, daimi üzv kimi qəbul edildi.
Azərbaycanı böyük inkişaf yoluna, parlaq gələcəyə aparan Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü, möhtərəm Prezidentimiz İlham Əliyev 31 yanvar 2004-cü ildə «Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında» Sərəncam imzalamışdır. Bu qayğının davamı olaraq, 2007-ci ildə «Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında» Qanunun qəbulu Cəmiyyətin statusunun, hüquqularının, fəaliyyət istiqamətlərinin, hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm addım oldu. Ümumilikdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Cəmiyyətin fəaliyyəti ilə bağlı 9 fərman və sərəncam imzalamışdır.
103 il şərəfli inkişaf yolu keçmiş, ən qocaman humanitar, qeyri-hökumət təşkilatı olan AzQAC hal-hazırda sıralarında 350000-dən çox üzvü, 20000-ə yaxın könüllünü birləşdirir. Hazırda AzQAC-ın 92 rayon, şəhər, sahə bölməsi, 8 regional mərkəzi fəaliyyət göstərir. Beynəlxalq Hərəkatı respublikamızda təmsil edən Cəmiyyətin əsas məramı Hərəkatın 7 Fundamental prinsipini rəhbər tutaraq, müvafiq qanunvericilik çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə, münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə təmənnasız ilkin tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlərin göstərilməsindən ibarətdir. Bu mənada Cəmiyyətin fəaliyyəti çoxşaxəlidir.
Daha sonra AzQAC-ın prezidenti, Milli məclsiin deputatı Novruz Aslanov AzQAC bölmələrindən olan sədrləri və könüllüləri fəxri fərman və təşəkkürnamə ilə təltif edib.
Sonda AzQAC-nin prezidenti, Milli məclsiin deputatı Novruz Aslanov Cəmiyyətin bütün kollektivini və üzvlərini Milli Cəmiyyətin 103 yaşı münasibətilə təbrik edib və kollektiv şəkillər çəkdirilib.