Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) 2021-2025-ci illər üzrə strateji planına uyğun olaraq, Cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Respublikada əhalinin sağlamlığının müdafiəsinə dair Fövqəladə Hallar (FH) zamanı içtimai səhiyyə, yoluxucu xəstəliklər, qeyri-yoluxucu xəstəliklərlə mübarizə, ilk yardım, ilkin psixoloji yardım sahələri üzrə geniş maarifləndirici tədbirlər həyata keçirilir. Bu tədbirlər yerli dövlət və QHT-lərlə əməkdaşlıq çərçivəsində təşkil olunur. Tədbirlərin məqsədi insanların sağlamlıqla bağlı bilik və bacarıqlarının artırılmasıdır.
Belə ki, 13 mart tarixində Suraxanı rayonunda fəaliyyət göstərən “İsabət” abituriyent kursları nəzdində tibb kurslarının iştirakçıları üçün “FH zamanı ictimai səhiyyənin prinsipləri” adlı seminar təşkil olunub. Tibb kursunun müəllimi həkim Afət Məmmədovanın təşəbbüsü ilə təşkil olunan seminar AzQAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramının əməkdaşı Mətanət Qaraxanova tərəfindən keçirilib. Seminarda ictimai səhiyyəyə dair geniş məlumatlar təqdim edilib, FH-nin xüsusiyyətləri, insan sağlamlığına təsirlər edən amillər, sağlamlıqla bağlı yaranan vəziyyətlər, stressin yaranma səbəbləri, FH-da xidmət və yardımların təşkili, icmaların bacarıqlarının müəyyən edilməsi kimi məlumatlar yer alıb.