Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da miqrasiya ilə bağlı olan problemlər daimi gündəmdədir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ölkədə yaşayan xarici məcburi köçkün, tələbə və əmək miqrantlarının ehtiyaclarını, onların yaşayış imkanlarını qiymətləndirmək məqsədilə mütəmadi olaraq onlarla görüşüb sorğular aparılması bir ən-ənə halını almışdır.
Cəmiyyət tərəfindən təmənnasız olaraq təşkil olunmuş Azərbaycan dili kursunun miqrant müdavimləri bu fəaliyyətin əsas hədəf obyektidirlər. Bu müdavimlərdən ikisi də Nigeriya respublikasından gəlmiş, Azərbaycan Dövlət Tibb Universitetinin ümumi müalicə fakültəsinin İ kurs tələbələri Daniel İjauka və Natharian Markusdur.Onlar oktyabr ayında AzQAC baş ofisinə müraciət edərək bizim cəmiyyətin könüllüsü olmaq arzularını və azərbaycan dili öyrənmək istəklərini bildirmişlər.
Onlar İcmada Sağlamlıq və qayğı layihəsinin koordinatoru Mətanət Qaraxanova və Miqrasiya şöbəsi əməkdaşları ilə görüşmüş, migrantlara azərbaycan dili müəllimi Sona Hacıyeva tərəfindən dərslərə qəbul edilmişlər. M. Qaraxanova və S. Hacıyeva onları artıq Sabunçu yerli bölməsində və Gənclərin Sülh şəbəkəsinin nəzdində HİV mövzusunda təşkil etdikləri seminarlara dəvət etmiş və geniş auditoriyaya təqdim etmişlər. Onlar öz ölkələrindəki təcrübələrini iştirakçılarla bölüşmüşlər.
Dekabrın 15-də Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, müəllimə Sona Hacıyeva və Layihə Koordinatoru Mətanət Qaraxanova təşəbbüs edərək Daniel İjaukanın ad gününü sürpriz olaraq AzQAC ofisində kollektiv üzvlərinin iştirakı ilə şirniyyat süfrəsi arxasında qeyd etmiş və miqrant tələbəni hədsiz dərəcədə sevindirərək təəccübləndirmişlər. Kollektiv üzvləri Danieli təbrik edərək ona xoş sözlər söyləmişlər.İlk yardım sektorunun rəhbəri doktor Vurğun Həsənov tələbəyə belə bir qaygıkeş insanlarla əhatə olunduqları üçün onların çox şanslı olduqlarını söylədi.
Tələbələr bu gözlənilməz addımdan mütəəssir olduqlarını bildirərək Cəmiyyətin prezidenti Novruz Aslanov başda olmaqla AzQAC-nə dərin təşəkkürlərini ifadə etmiş və bu günü hər vaxt xatırlayacaqlarını və valideynlərinin də diqqətinə çatdıracaqlarını söyləmişlər.