Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2011-2015-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
Bununla əlaqədar olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi, Gənclər və könüllülər şöbəsi, 12 May şirkəti və AzQAC Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində yaşayan 50 nəfər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün bayram tədbiri keçirildi.
Tədbir 26 dekabr 2015-ci il tarixində Bakı şəhərində yerləşən 12 May şirkətinə aid olan “İmperator ibo” restoranında baş tutdu. Bayram yolkası ilə bəzədilən zalda uşaqlar üçün hər bir şərait yaradılmışdı. Sumqayıt şəhər bölməsinin könüllüləri də Şaxta baba, qar qız simasında və musiqi çələngi ilə uşaqları təbrikə gəlmişdilər.
Tədbiri giriş sözü ilə Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova açaraq, müraciətlərinə cavab olaraq, qeydiyyatlarında olan 50 nəfər sağlamlıq imkanları məhdud uşaqlar üçün belə gözəl bayram süfrəsi açdırdığı üçün Hacı Səbuhi Rəcəbə öz dərin təşəkkürünü bildirdi. Söz alan Hacı Səbuhi Rəcəb və AzQAC-ın Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə xanım İsgəndərova da bu gül balaları qarşıdan gələn bayram münasibəti ilə təbrik etmiş, onlara can sağlığı arzulamışdılar.
Uşaqlar üçün “İmperator ibo” restoranı tərəfindən bayram süfrəsi açılmış, cürbəcür dadlı yeməklər və şirniyyat süfrəsi təqdim olunmuşdur. Bayram süfrəsi arxasında əyləşən uşaqlar Şaxta baba və qar qızın suallarına cavablar vermiş, bildikləri şeir və mahnılarla tədbirə rəng qatmış, rəqs edib bolluca şənlənmişdilər. Cəmiyyətimizin ianə qutularının hesabına yığılan məbləğdən uşaqlar üçün yeni ilin rəmzi olan hədiyyələr alınaraq təqdim olunmuşdu. Restoran tərəfindən isə uşaqların içərisində ad günü olan bir bacı və qardaşa hədiyyələr verilmişdi.
Sonda tədbirdə iştirak edən valideynlər və internat məktəbinin müəllimləri tədbirin ərsəyə gəlməsində Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə, 12 May şirkətinin rəhbərliyinə və əməkdaşlarına, QAC Sumqayıt şəhər bölməsinin rəhbərliyinə və könüllülərinə keçirdikləri bu tədbir üçün öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq tədbirdə əməyi keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk.