Bildiyimiz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi, İdarəetmə Şurasının üzvü Bayram Vəliyev ötən ilin dekabırından Beynəlxalq Qızıl Xaç Komutəsinin Cənubi Sudanda Əməkdaşlıq üzrə Nümayəndəsi təyin olunub. Ona görə də artıq AzQAC-dakı fəaliyyəti sona çatıb. Bu günlərdə Bayram Vəliyev yeni vəzifəsinə başlamaq üçün Cenevreyə yola düşməzdən öncə 12 il çalışdığı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin kollektivi ilə vidalaşmağa gəlmişdi. Fürsətdən istifadə edib yol üstə olan Bayram Vəliyevdən təəssüratlarını öyrəndik.
- Bayram müəllim, BQXK -də çalışmağa göndərilməyiniz bir təsadüfdür, yoxsa…
- Karyerami beynəlxalq müstəvidə davam etdirmək məqsədilə bir müddət öncə sənədlərimi Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrə şəhərində yerləşən Baş Qərargahına təqdim etmişdim. Uzun müddətli imtahanlar və testlərdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsində Əməkdaşlıq üzrə Nümayəndə vəzifəsinə təyinat aldım. 2016-ci il yanvar ayından yeni vəzifəmin icrasına Cənubi Sudan missiyasindan başlayacaam, inşallah. Bu niyyətlə də 21 dekabr 2015-ci ildə 12 il ciyin-ciyinə çalışdığım Azərbaycan Qızıl Aypara Cımiyyətində vəzifəmdən azad olmağım üçün istefa ərizəmi yazdim. Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı kimi sizinlə danışıram. Sizinlə uzun illər boyu humanitar sahədə birgə çalişmağıma görə fəxr edirəm. Bu illər ərzində hər an çalışdım ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafına bilik və bacarığımla, qazandığım təcrübələrlə təkan verim.
- Maraqlıdır, yola düşdüyünüz bu ərəfədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinə gəldiyiniz ilk günləri xatırlayırsınızmı?
- Bunu xatırlamamaq mümkün deyil. Çünki mənim bu günki karyeram Azərbaycan Qızıl Aypara Cəmiyyətinə gəldiyim gündən başlayıb. 2002-ci ildə mən Ayparaya könüllü kimi gəlmişəm. 2004-cü ilin avqust ayından işə qəbul olmuşam. Cəmiyyətin prezidenti Novruz Aslanov, vitse-prezidentlər Qafar Əsgərzadə, Ramazan Sultanov, Əziz Qocayev, o vaxtki baş katib Elxan Rəhimov könüllü kimi göstərdiyim fəaliyyəti çox bəyəndilər. Məni o vaxt Cəmiyyətdə xarici vətəndaşlarla iş üzrə mütəxəsis vəzifəsinə götürdülər. Çünki, fransız dilli idim, ingilis dilini isə sonra öyrəndim. 2-3 ay bu vəzifədə işlədim. Sonra həmin vəzifə ləğv olundu. Məni təqdim etdilər yeni yaradılmış Gənclər Komitəsinə, ictimai əsaslarla sədr müavini təyin olundum. 2005-ci ilin yanvar ayından isə yayım sektorunun rəhbəri vəzifəsinə təyin edildim, paralel olaraq Silahlara Qarşı Mübarizə Proqramı açıldı. Bu Proqramda cəbhə bölgələrində minadan və partlamamış hərbi sursatdan uşaqları və insanları qorumaq üçün təhlükəsiz meydançalar inşa olunması nəzərdə tutulurdu. Beynəlxalq Qızıl Xaç Komitəsinin təşəbbüsü ilə açılmışdı. Həmin Proqramı da mənə tapşırdılar. Həm Yayım Sektorunun rəhbəri kimi, həm də Proqram üzrə işləmək çətin olduğundan 2007-ci ildə Yayım Sektorundan tamamilə uzaqlaşdım. Keçdim Silahlara Qarşı Mübarizə Proqramına. Demək olar ki, 2005-ci ildən 2013-cü ilədək cəbhə bölgəsində işlədim. Ayın yarısını Qazaxdan Füzuliyə qədər cəbhəyani rayonlarda Silahlara Qarşı Mübarizə Proqramı çərçivəsində uşaqlar üçün təhlükəsiz oyun meydançalarının tikilməsində çalışmışam. 2012-cü ilin dekabr ayından İcraçı katibin müavini vəzifəsinə təyin olundum. 2013-cü ilin iyun ayında isə Cəmiyyətin İcraçı katibi Bəylər Talıbov Beynəlxalq Qızıl Xaç Federasiyasında işə düzəldi. O, zaman məni də İcraçı katib vəzifəsinə təyin etdilər.
- Sizdən sonra katiblikdə çalışan həmkarlarınıza nə tövsiyə edərdiniz?
- Qızıl Ayparada könüllülükdən İcraçı katibə qədər bir yol keçmişəm. Həm də BQXK-lə çalışmışam. Bu sahədə 12 illik təcrübəyə malikəm. İcraçı katib çox böyük vəzifədir. Daxili nizam-intizamdan tutmuş, Beynəlxalq Qızıl Xaç, Qızıl Aypara Federasiyasında təmsil olunmağa qədər böyük bir sahəni əhatə edir.
Məndən sonrakı icraçı katibə və katibliyin əməkdaşlarına tövsiyəm odur ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin beynəlxalq təşkilatlarda təmsilçiliyini yüksək səviyyədə qursunlar. Çünki biz öyrənmişik ki, Dr. Novruz Aslanovun komandası olaraq, beynəlxalq konfranslarda, simpoziumlarda, görüşlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti seçilsin və dinamik nümayəndə heyyətində təmsil olunsun…
Sizə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Katibliyinin yeni rəhbəri – Milli Cəmiyyətimizin yeni İcraçi katibi Ceyhun Mirzəyevə işlərinizdə bol-bol uğurlar arzulayıram.
- Yeni iş yerinizdə ilk işiniz nə olacaq?
- Oradakı işim bir az fərqlidir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin katibliyində rəhbər vəzifədə idim. Fəaliyyət istiqamətim çox genişdi. Yəni, qanunvericiliklə işləmək, Cəmiyyətin rəhbərliyi, Rəyasət Heyyəti ilə işləmək, Ali rəhbərliyi razı salmaq, katibliyin əsas iddasıdır. Dövlət qurumları ilə iş, ayrı-ayrı layihələrin hazırlanması, gəlirgətirmə və s. burada spektor çox genişdir. Amma yeni iş yerimdə, yəni Beynəlxalq Qızıl Xaç Komitəsi Cənubi Sudanda onların Milli Qızıl Xaç Cəmiyyətində Əməkdaşlığı formalaşdırmağı mənə həvalə edib. AzQAC 95 ildir fəaliyyət göstərir, Cənubi Sudan isə cəmi 2 ildir yaradılıb. Beynimdə olan fikirlər odur ki, buranın 95 illik təcrübəsində olan fəaliyyətləri iki il öncə yaranmış yeni təşkilata transfer edim…
- Cənubi Sudanda nə qədər çalışacaqsınız?
- BQXK ilə 1 illik müqavilə bağlanılıb. Yəqin ki, 1 ildən sonra başqa bir dövlətə göndəriləcəyəm…
- Bayram müəllim, son olaraq, siz həm də Qızıl Ayparanın fəal könüllü qan donrlarından biri idiniz…
- Bəli, ildə üç dəfə könüllü qan donoru kimi Qızıl Ayparanı təmsil edirdim. Ehtiyaclı bir insan vardı, onun üçün ildə 3 dəfə qan verirdim. İndi belə görünür ki, 1 il ərzində o insan üç dəfə alacağı qanı itirdi. Amma mən bu barədə də düşündüm. Bir nəfər könüllünü öz yerimə gətirdim. İndi o missiyanı yerinə yetirəcək… Azərbaycandan getməyimə baxmayaraq mən yenə də Qızıl Ayparanın könüllüsü olaraq qalıram və bu ömrümün sonuna qədər davam edəcək. Deyim ki, qan donorunun milləti olmaz, qanın da milləti yoxdur. Cənubi Sudanda ehtiyac həddindən artıq böyükdür. Çünki ölkədə xaosdur, müharibədir, aclıqdır, səfalətdir, xəstəliklər çoxdur. Əgər gigiyenik cəhətdən, yəni Azərbaycandakı modern şərait kimi olarsa, sözsüz ki, orada da hər hansı ehtiyacı olan sudanlı uşağa qan verəcəyəm…
- Bir azdan yola düşürsünüz. Hansı hissləri keçirirsiniz?
- Kədərlənirəm, kövrəlirəm. 12 ildir Qızıl Ayparada gözəl insanlarla işləmişəm, başda Novruz Aslan olmaqla, müavinləri Qafar Əsgərzadə, Ramazan Sultanov, Əziz Qocayev, regional bölmə sədrləri, bir sözlə hamısına alışmışdıq. Hesab edirəm ki, mən burda olmadığım müddətdə mənim fəaliyyətlərim daha yaxşı dəyərləndirilər və bundan çox sevinərəm. Çünki hər bir insanın hər bir işdə öz dəsti-xətti olur.
Bir tərəfdən də Azərbaycan vətəndaşı kimi həyəcanlıyam ki, Cənubi Sudandan başlayaraq dünyanın ən böyük humanitar təşkilatı olan BQXK-nin təmsilçisi olmaqla ölkəmiz adından fəaliyyət göstərəcəyəm. Axı, pasportumda Azərbaycanın adı yazılıb. O, ölkələrdə ki, çalışacağam, məndən soruşacaqlar haralısan, deyəcəyəm mən Azərbaycanlıyam. Çalışacam ki, biliyim, savadım, təcrübəmlə hər yerdə Azərbaycanı layiqincə təmsil edim