«Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunun polietilenin çeşidlənməsi, qablaşdırılması buraxılması sahəsində (“Polimir-120” istehsalatı) Ümumdünya Mülki Müdafiə günü münasibətilə “Mülki müdafiə və yeni informasiya texnologiyaları” mövzusunda geniş maarifləndirici tədbir və obyekt mülki müdafiə məşqi keçirilmişdir.
“Azərikimya” İB-nin Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri ilə birgə Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsinin, Sumqayıt Regional Föqəladə Hallar və Mülki Müdafiə şöbəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin, Azərsu ASC-nin Sumqayıt Su-kanal İdarəsinin, şəhər təxirəsalınmaz təcili tibbi yardım stansiyasının tibbi yardım briqadasının, respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin üzvlərinin də iştirak etdiyi tədbirdə Mülki Müdafiə qüvvələrinin düzülüşü, əmlak və avadanlıqlarının vəziyyəti nəzərdən keçirilmiş, şəxsi heyətin mülki müdafiə sisteminin əhəmiyyəti, təhlükəsizlik xidmətləri kompleksində rolu, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı nəzəri bilikləri yoxlanılmışdır.
Sıra düzülüşündə “Mobil dəstə” üzvü Gülnar Tanrıverdiyeva dəstənin hazırlığı barədə raport vermişdi. Məlum olmuşdu ki, 13 nəfərdən ibarət ilk yardım avadanlıqları ilə təmin olunmuş “Mobil dəstə” tərəfindən bir çadır qurulmuş və Respublika Aypara Cəmiyyətinə məxsus olan Təcili yardım maşını ilə bugünkü təlimdə iştiraka hazırdılar.
Sonra şərti olaraq baş vermiş zəlzələnin təsirindən zavodun Polietilen istehsalatının polietilenin çeşidlənməsi, qablaşdırılması və buraxılması sahəsində baş vermiş dağıntılardan sonra işçilərin təxliyə edilməsi, dağıntıların altından insanların xilas edilməsi, eyni zamanda baş vermiş şərti yanğının yayılmasının qarşısının alınması və işçilərin maksimum mühafizə olunması məqsədi daşıyan məşqdə həyəcan siqnalının verilməsi ilə mülki müdafiə və yanğınsöndürmə dəstələri, həmçinin xüsusi xilasetmə qrupları özlərini hadisə yerinə çardırmışlar. Mühəndis kəşfiyyat qrupu tərəfindən hadisə baş vermiş ərazidəki vəziyyət barədə məlumat toplanıldıqdan, həmçinin radiasiya-kəşfiyyat qrupu tərəfindən ərazinin nə dərəcədə zəhərli və radiasiya təhlükəli olması ilə bağlı Mülki Müdafiə Qərargahına məlumat verildikdən sonra işçilərinin təxliyə edilməsi, xəsarət alanların xilas edilərək təhlükəsiz əraziyə çıxarılması ilkin tibbi yardım göstərmək üçün , “Mobil dəstə” və sanitar posta təhvil verilməsi və ağır vəziyyətdə olanların təcili yardım maşınlarında şəhərin müalicə müəssisələrinə göndərilməsi, su pərdəsi yaratmaqla xlor çəninin aşması nəticəsində xlorun ətrafa yayılmasının qarşısının alınması, elektrik, qaz və su xətlərində qəza-bərpa işlərinin aparılması əməliyyatları yerinə yetirilmişdir. Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin operafiv müdaxiləsi ilə baş vermiş yanğının böyüyərək hazır məhsul anbarına və digər sahələrə keçməsinin qarşısı alınmaqla yanğın söndürülmüşdür.
Sıra düzülüşündə digər iştirakçılar kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin “Mobil dəstə” üzvlərinə də “Obyekt mülki müdafiə məşqi”ndə aktiv iştiraklarına görə təşəkkür edilmişdi.