Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında (ATU TCK) “7 aprel – Ümumdünya Sağlamlıq Günü” qeyd olundu. “Diabet xəstəliyinə qalib gələk” şüarı altında aparılmış tədbir Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Azərbaycan Diabet Liqası (ADL) və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının təşəbbüsü, təşkilatçılığı, dəstəyi, klinikanın aparıcı mütəxəssislərin və tələbə heyətinin fəal iştirakı ilə həyata keçirilmişdir.
ATU TCK-nın baş həkimi dosent Asiman Həsənov öz çıxışında nümayəndələri salamlayaraq günün və mövzunun mahiyyətini vurğuladı. Aprelin 7-si Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Ümumdünya Sağlamlıq Günü kimi elan edilmiş bu gün hər il müxtəlif mövzular ətrafında qeyd edilir. Şəkərli diabet mövzusu aktual olduğu ilə yanaşı bir sıra qurumların müdaxiləsini tələb edir və ona görə də tək mütəxəssislər deyil geniş ictimaiyyət məsələyə dair ciddi münasibət bildirməli, sağlamlıqları naminə lazımi addımlar atmalıdırlar. Məhz bu xəstəliyin geniş miqyasda artması və ciddi narahatçılıqlar yaradılması səbəbindən Ümumdünya Səhiyyə Təşkilatı 7 aprel tarixini bu mövzuya həsr etmişdir.
Sonra tədbirin aparılması Cərrahiyyə Xəstəlikləri Kafedrasının müdiri, professor Məmməd Nəsirova həvalə olundu və programa uyğun olaraq ilk söz Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibinin müavini Səbinə Məbubi-İrana verildi. Səbinə xanım cəmiyyətin rəhbərliyi, çoxsaylı kollektivi və könüllüləri adından tədbir iştirakçılarını salamlayaraq klinikanın rəhbərliyi və heyətinə yaradılmış şəraitə, dəstəyə görə təşəkkürünü bildirdi. O günlə bağlı qeyd etdi ki, 7 aprel eyni zamanda ÜST-nın yaranma günüdür. Bu günün keçirilməsi dünya ictimaiyyətinin diqqətini qlobal miqyasda sağlamlığa aid vacib əhəmiyyət kəsb edən mövzulara yönəltmək üçün imkan yaradır. Statistik rəqəmlərə görə bu vaxta qədər dünyada təxminən 360 milliondan artıq insanda diabet xəstəliyi aşkarlanıb və gələn 20 il ərzində bu rəqəmin ikiqat artması ehtimalı var. Hər 10 saniyədə 1 nəfər insan diabetlə bağlı həyatını itirir və bu ildə 5 milyon insan deməkdir. ÜST –nın proqnozuna əsasən diabet 2030-cu ildə ölümə səbəb olan 7-ci xəstəlik olacaqdır. Diabeti olan insanlar xəstəliyin ağır fəsadlarından, ürək qandamar xəstəliyi, insult, retinopatiya (korluq), nefropatiya və aşağı ətrafların qanqrenasından əziyyət çəkir və ya vəfat etmiş olurlar. Lakin sağlam pəhriz, müntəzəm fiziki fəaliyyət, normal bədən çəkisinin saxlanması və tütündən istifadə etməmək diabetə tutulmağın qarşısını alır və ya bu prosesi ləngidir.
Növbəti çıxışda Azərbaycan Diabet Liqasının sədri Yeganə xanım Sultanova şəkərli diabet xəstəliyi və onun növlərinin geniş miqyasda həm beynəlxalq səviyyədə həm də ölkə daxilində ciddi bir problem kimi qəbul olması haqqında dedikdə bu xəstəliyin ölkələrə, diabetli xəstələr və onların ailələrinə, səhiyyə sistemlərinə və iqtisadiyyata mənfi təsirini və böyük miqdarda itkilərə səbəb olduğunu qeyd etmişdir. Yeganə xanım bildirdi ki, bu xəstəliyin, onun ağır fəsadlarının qarşısının alınmasında üç mərhələli profilaktik tədbirlərin keçirilməsi vacib və məqsədə uyğundur. Bura əhalinin maarifləndirilməsi, xəstəliyin erkən aşkarlanması və bunun üçün əhali arasında skrininqlərin aparılması, erkən düzgün yardım göstərilməsi və pasiyentlərin təlimi və ya son mərhələ ilə üzləşdikdə artıq xəstəliyin fəsadlarına qarşı yönəldilmiş tədbirlər aiddir. Eyni zamanda dövlət qurumları tərəfindən qanunvericiliklərdə diabet xəstəliyi ilə bağlı müvafiq dəyişikliklərin olunması, bu problemlə mübarizə üçün əlavə təkliflərin işlənilməsi və xəstəliyin qarşısının alınması üçün məqsədyönlü addımların atılması zəruridir. Bununla bağlı Beynəlxalq Diabet Federasiyası (BDF) hökümətlərə maliyyə siyasətindən istifadə etməyə çağırır, məsələn şəkər istehsalının əvəzinə yarpaqlı tərəvəz və meyvə istehsalını təşviq etmək, təmiz içməli suyun mövcudluğunu və münasib qiymətə olmasını artırmaq, qeyri-sağlam qida məhsullarının və o cümlədən, şəkərli içkilərin istehlakını azaltmaq və ya onlara vergiləri tədbiq etmək və sonradan toplanılan maliyyənin ölkənin ümumi büdcəsi ilə yanaşı sağlamlıq siğortasına ayırmaq.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələr Əlaqələndirici Şöbəsinin həkim metodisti Şəhla Mirzazadə öz çıxışında qeyd etdi ki, mərkəz tərəfindən müvafiq addımlar, tədbirlər təkcə şəkərli diabet deyil eləcə də digər Qeyri İnfeksion Xəstəliklərə dair aparılır. Bu tədbirlərin əsas məqsədi xəstəlikləri aradan qaldırılmasında işin səmərəli təşkil olunmasıdır. Eyni zamanda ölkə daxilində şəkərli diabet və ya digər mövzulara dair hökümət və qeyri-hökümət strukturların arasında qurulmuş əməkdaşlıq, birgə səylərin göstərilməsi və əldə olunan nəticələrin nəzərə alınması qarşıda qoyulan problemlərin həllində mühüm rol oynayır. Artıq İSİM-in bu sahədə qurduğu iş birliyinin bariz nümunəsi bugünkü ADL, AzQAC ilə birgə keçirtdiyi tədirdir və gələcəkdə də bu istiqamətdə aparılan iş davam olunacaq.
Tədbirin mövzusuna dair daha çox açıqlama və şəkərli diabetin fəsadlarına daha dərindən toxunmaq məqsədilə ATU TCK-nın Göz şöbəsinin müdiri doktor Qurban İsmayılov “Diabet xəstəliyində oftalmoloji ağırlaşmalar” və Cərrahi xəstəliklər kafedrasının dossenti doktor Ziyalı Rzayev “Diabet pəncə” haqqında ətraflı məruzələrlə çıxış etdilər və sonra iştirakçıların suallarını cavablandırdılar.
Tədbirin sonunda Qızıl Aypara Cəmiyyətinin Azərbaycan Tibb Universitetinin nəzdində yaradılmış İlkin Komitəsinin sədri doktor Şahrud Əhmədov çıxışında bir daha tədbirin keçirilməsində yaradılmış imkana görə cəmiyyət adından təşəkkürünü bildirərək, belə tədbirlərin artıq ənənəvi hal almasını qeyd etdi və bu yönümlü tədbirlərin gələcəkdə daha geniş şəkildə təşkil olunmasına böyük ümid bəslədiyini bildirdi.