19 aprel 2016-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin və Sumqayıt Dövlət Universiteti birgə təşkilatçılığı ilə “Qan ver yaşat!” devizi altında növbəti qanvermə aksiyası təşkil olunub. Ənənəvi aksiya talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara, eləcə də son günlər cəbhə bölgələrində düşmən təxribatı nəticəsində yaralanan hərbi qulluqçulara, mülki vətəndaşlara yardım məqsədi ilə keçirilib.
Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək humanitar aksiyanın məqsəd və əhəmiyyətindən bəhs edib. Digər çıxış edənlər bildiriblər ki, donor hərəkatının fəallaşması vacibdir, çünki insan həyatı üçün zəruri olan bu bioloji materialı süni şəkildə yaratmaq mümkün deyil.
Sumqayıt Dövlət Universitetinin prorektorları, fakultə dekanları həmçinin müəllim heyəti keçirilən qanvermə aksiyasında fəal şəkildə iştirak edərək universitetin tələbələrinə nümunə olublar.
Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları ilk olaraq donorların sağlamlıq vəziyyətini müəyyən ediblər. Qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib və onların hər biri qeydiyyata alınıb. Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin işçi heyəti, o cümlədən könüllüləri qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib aksiyada fəal iştirak ediblər. 600-dən çox müəllim,tələbə və könüllülərin qatıldığı aksiyada yığılan qan Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun Qan Bankına təqdim olunacaq.
Qanvermə aksiyası zamanı donorlar üçün AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən hazırlanan çay və şirniyyat süfrəsi təşkil olunmuşdu. Bölmənin könüllüləri qan verən insanlara xidmət göstərərək onların qayğısına qalmışdılar.