2016-cı il aprel ayının 22–də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi, əməkdaşları, üzvləri, könüllüləri və ictimaiyyət nümayəndələri ənənəvi olaraq AzQAC-ın həmtəsisçilərindən biri olmuş general-leytenant Əliağa Şıxlinskinin anım gününü qeyd etdilər.
Tədbir Bakının Yasamal rayonu ərazisində, Cəfər Cabbarlı küçəsində Ə.Şıxlinskinin vaxtilə yaşadığı binanın önündə qurulmuş barelyefin önündə baş tutdu. Tədbiri giriş sözü ilə açan AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə Ə.Şıxlinskinin Cəmiyyətin yaradılmasındakı rolu və Azərbaycanın hərb tarixindəki müstəsna xidmətləri barədə məlumatları tədbir iştirakçılarının, TV və media işçilərinin nəzərinə çatdırdı. Daha sonra AzQAC-da Şəfqət xidmətinin yaradıcısı Nigar Şıxlinskaya haqqında ətraflı məlumat verdi. Həmçinin, jurnalist, tərcüməçi, tarixçi-etnoqraf İsmayıl Umudlu çıxışında Ə.Şıxlinskinin hərb tarixində xidmətlərindən söz açmış və maraqlı məlumatlar vermişdir. Daha sonra AzQAC-ın Bakı regional mərkəzinin koordinatoru Rəna İbrahimova, Yasamal rayon Müharibə və Veteranlar Şurasının üzvü Rafiq Hüseynov çıxış etmişdir.
Sonda tədbir iştirakçıları, TV və media işçiləri ilə birlikdə barelyefin önündə xatirə şəkilləri çəkdirildi.
Tədbir AzTV, İTV və Lider kanalları tərəfindən işıqlandırıldı.