Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
Bununla əlaqədar olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi, Gənclər və könüllülər şöbəsinin təşkilatçılığı ilə cəbhəxətti regionlarında (Tərtər, Ağdam) yaşayan sosial cəhətdən zəif olan ailələrin, eyni zamanda köçkün ailələrinin uşaqları və bir və ya iki valideynini itirən uşaqlar üçün 15 sentyabr – Bilik günü ilə əlaqədar olaraq dərs ləvazimatları hədiyyə olundu. Həmin dərs ləvazimatlarından Binəqədi rayonunda yaşayan bir və ya iki valideynini itirən, eyni zamanda Kəlbəcər, Zəngilan məktəblərinin uşaqları və miqrant uşaqlar üçün da hədiyyə olaraq verildi.
Tədbiri giriş sözü ilə AzQAC-ın Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova və Zəngilan rayon 34 nomrəli məktəbin direktoru Vasif Fərəcov açaraq bu gül balaları bilik günü münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, müvəffəqiyyətlər arzulamışdılar.
Ümumilikdə, bu il 280 nəfər uşağa Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə dərs çantaları və məktəb ləvazimatları verilmişdir.
Sonda tədbirdə iştirak edən valideynlər Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə keçirdikləri bu tədbir üçün öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq tədbirdə əməyi keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk və uşaqlara yeni dərs ilində uğurlar arzulayırıq.