16 sentyabr 2016-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları ilə Niderland Krallığının Azərbaycana yeni təyin olunan fövqəladə və səhaliyyətli səfiri cənab Onno Kervers arasında əməkdaşlıq görüşü keçirilmişdir. Görüşün əsas məqsədi iki qurum arasında mövcud əməkdaşlıq sərhədlərinin genişləndirilməsi və humanitar fəaliyyətlərin həyata keçirilməsində yeni tərəfdaşın qazanılması idi. Niderland Krallığının Azərbaycandakı Səfirliyində baş tutan görüşdə ilk öncə AzQAC nümayəndələri cənab Onno Kerversi ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra cənab səfir Onno Kerversə Milli Cəmiyyətin strukturu, statusu, fəaliyyət istiqamətləri və fəaliyyət prinsipləri, həyata keçirdiyi layihə və proqramlar, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və digər Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri, hökumət və qeyri-hökumət təşkilatları və eləcə də Azərbaycan Respublikasında fəaliyyət göstərən səfirliklər ilə əməkdaşlıq, əldə edilən nailiyyətlər barəsində məlumat verildi.
Qeyd etmək lazımdır ki, AzQAC ilə Niderland Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi arasında əməkdaşlıq münasibətləri 2015-ci ildə qurulmuşdur və iki qurum arasında humaniz naminə əməkdaşlıq haqqında razılaşma imzalanmışdır. Bu razılaşma nəticəsində səfirliyin maliyyə dəstəyi ilə 2015-ci ildə AzQAC-nın Mina Risklərinin Azaldılması konsepsiyası çərçivəsində ənənəvi layihəsi olan uşaqlar üçün “Təhlükəsiz Oyun Meydançaları” Qazax rayonunun cəbhə xəttinə yaxın ərazidə yerləşən mina riskli Böyük Cəfərli kəndində quraşdırılmışdır.
Səfir Onno Kervers AzQAC-nin fəaliyyətini və qazandığı nailiyyətləri yüksək qiymətləndirərək humanizm naminə müxtəlif sahələrdə əməkdaşlıq etmək istəklərini xüsusi olaraq qeyd etdilər. Belə ki, görüş zamanı mövcud əməkdaşlıq imkanları və birgə həyata keçirilməsi mümkün ola biləcək layihələr müzakirə olundu.
Görüşdə AzQAC-nın İcraçı Katibinin müavini Səbinə Məhbubi-İran, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nailə Ömərova və Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov iştirak edirdi.