18 Dekabr Beynlxalq Miqrant günüdür. Globallaşan dünyanın önəmli, aktual məsələlərindən olan miqrasiya həmişə Azərbaycan Qızıl Aypara cəmiyyətin üzvlərinin diqqət mərkəzindədir. Miqrantların böyük problemlərinə azacıq da olsa diqqət göstərmək, onlara yardım əli uzatmaq ayparaçıların təxirəsalınmaz vəzifələrindən biridir.Bu dəfə də Ayparaçılar miqrantları görüşə çağırıb, onlara pasiban olmağa çalışdılar.
Beynəlxalq Miqrant günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sabunçu rayon bölməsinin sədri Elmira Məlikovanın təşəbbüsü və Miqrasiya şöbəsinin fəal iştirakı ilə Azərbaycan dili kursunun miqrant uşaqları üçün Onurğa Klinikasının Baş həkimi dr.İradə xanım tərəfindən pulsuz yoxlanılması həyata keçirildi. Tədbir Respublika Qadınlar Cəmiyyətinin məkanında onların da iki həkiminin (terapevt, ginekoloq) və digər qonaqların iştirakı ilə gerçəkləşdirildi. Tədbirdə Qadınlar Cəmiyyətinin sədri Bahar xanım və cəmiyyət üzvləri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sabunçu rayon bölməsinin sədri Elmira Məlikova və üzvlər, Miqrasiya şöbəsinin Azəri dili müəllimi, Respublikanın Baş Müəllimi Sona Hacıyeva, Qızıl Aypara Cəmiyyətinin İcmada Sağlamlıq layihələrinin korodinatoru Mətanət Qaraxanova söz alaraq bu günün əhəmiyyətindən, dünyada miqrasiya probleminin qloballığından, onların çox ağır problemlərindən danışdılar. BMT QAK-ın məsul işçisi Elena Vəliyeva , fəal veteran həkim qadınlar və musiqiçilər də tədbirdə iştirak edirdilər. Həkim müayinəsindən keçən 17 miqrant uşağın 12-də kifoz, skalyoz, döş qəfəsinin deformasiyası, sinə batıqlığı və piylənmə kimi kəskin diaqnozlara rəy verildi. Bir uşaqda çox ağır ürək problemi, onurğa xəstəliyi, başqa birində isə kəskin çanaq deformasiyası və ağır skalyoz əlamətləri ortalığa çıxdı. Cəmiyyətin veteran həkimləri də bu müayinə prosesinə könüllü qoşularaq miqrant anaları da müayinə etdilər və dəyərli məsləhətlər verdilər. Dr İradə iki ağır patologiyalı uşağın bərpaedici müalicəsini öz öhdəsinə götürərək onları klinikaya dəvət etdi. Ürək qüsuru olan uşağın rəsmi məktub əsasında dövlət xəstəxanasına, o birisinin isə nervpotoloq və travmotoloqn müayinəsinə göndərilməsi qərara alındı. Digər valideynlərə də uşaqlarının problemləri ilə bağlı müvafiq məsləhətlər verildi. Sonra şirniyyata qonaq edilən iştirakçılar musiqi sədaları altında rəqs etdilər, azəri dilində mahnılar oxudular və şerlər söylədilər. Onların ifasında Azərbaycan himni könülləri riqqətə gətirdi. Məclisə dəvət edilmiş ənənəvi Şaxta Baba Sabunçu Ayparasının məxsusi hazırladığı hədiyyə paketlərini uşaqlara təqdim edərək onların Yeni ilini təbrik etdi. Keçirilən aksiya valideynlər tərəfindən çox razılıqla qarşılandı.
Miqrant günü münasibətilə bu ay ərzində müəllimə Sona Hacıyevanın təşkilatçılığı ilə Azəri dili kursunun müdavimləri üçün Şirvanşahlar Sarayı və Azərbaycan İncəsənət Muzeyinə də gəzintilər təşkil edilmiş və Azərbaycanın tarixi və zəngin incəsənəti ziyarətçi müdavimlərdə böyük maraq oyatmışdır.