15 sentyabr “Bilik günü”-dür. Bununla əlaqədar məktəblərdə dərslərin başlanması münasibətilə AzQAC-ın baş ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı və “Borusan Makina ve Güc Sistemleri Sanaye” şirkətinin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə məcburi köçkün və miqrant ailələrindən olan 10 uşağa məktəb ləvazimatları ilə təchiz olunmuş bel çatnası paylanılıb.
Tədbiri giriş sözü ilə açan AzQAC-ın vitse prezidenti Qafar Əsgərzadə qonaqları Cəmiyyətin kollektivi, könüllüləri və çoxsaylı üzvləri adından salamlayaraq, AzQAC-ın prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun salamlarını və təşəkkürlərini tədbir iştirakçılarına çatdırdı.
Natiq çıxışında Cəmiyyət tərəfindən aparılan humanitar aksiyalardan söz açaraq bu təşkilatla əlaqələrin bundan sonra davam etdirilməsinə, həmçinin layihələrin həyata keçirilməsində onların dəstəyinə ümidvar olduğunu bildirdi.
Daha sonra söz alan “Borusan Makina ve Güc Sistemleri Sanaye” şirkətinin nümayəndəsi Elvin Şahbazov çıxışında təmsil etdiyi şirkətin rəhbəri İsmail Şahinin salamlarını və təşəkkürlərini tədbir iştirakçılarına çatdırdı. Elvin müəllim, həmçinin, qeyd etdi ki, AzQAC-ın humanitar tədbirlərində ehtiyaclı insanlara yardım göstərilməsi məqsədilə həyata keçirəcəyi tədbirlərdə imkanımız daxilində daim yanında olmağa çalışacağıq.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu və xatirə şəkli çəkdirildi.