Dövlət Miqrasiya Xidməti oktyabrın 25-də Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, işəgötürənlərin, sahibkarların, həmçinin Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün “Açıq qapı günü” keçirib.
Xidmətin baş idarə rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanovun, DMX yanında İctimai Şura üzvlərinin və DMX-nin digər səlahiyyətli əməkdaşlarının iştirakı ilə təşkil edilən “Açıq qapı günü” – vətəndaş forumu “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq həyata keçirilib. Milli Fəaliyyət Planında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyətlə sıx əlaqələrin qurulması və ictimai iştirakçılığın genişləndirilməsi ilə bağlı bir sıra prinsiplər yer alıb.
“Açıq qapı günü”nün məqsədi ictimaiyyət, eləcə də KİV nümayəndələrini Xidmətin fəaliyyəti və göstərdiyi müasir xidmətlər ilə yaxından tanış etməkdir.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirir. DMX-nin fəaliyyət sferasına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, qaçqın statusunun müəyyənləşdirilməsi və s. kimi məsələlər daxildir. “Açıq qapı günü”ndə DMX-nin elektron və onlayn xidmətləri barədə geniş məlumat verilib. “Elektron hökumət” portalına qoşulmuş qurumun istifadəyə verdiyi 11 elektron xidmətdən istifadə qaydaları və faydaları əyani şəkildə izah olunub, bununla bağlı verilən suallar cavablandırılıb. Tədbirdə vurğulanıb ki, elektron xidmətlərin yaratdığı imkanlar sayəsində, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri artıq həm də elektron qaydada qəbul edilir.
Məlumat verilib ki, gördüyü işlər barədə ictimaiyyəti yaxından tanış etmək, öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək məqsədilə fəaliyyət göstərən Dövlət Miqrasiya Xidmətinin www.migration.gov.az rəsmi saytı tamamilə yenilənib, həmçinin Dövlət Miqrasiya Xidmətinin Azərbaycan, rus və ingilis dillərində dərc edilən “Miqrasiya” jurnalının nəşri mütəmadi olaraq təşkil olunur. Ölkənin sərhəd nəzarət buraxılış məntəqələrindən keçərək ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması məqsədilə onlara elə sərhəddəcə Azərbaycan, rus və ingilis dillərində olan müvafiq yaddaş vərəqəsi verilir.
Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli Sərəncamına əsasən fəaliyyəti təmin edilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) bu gün ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verir. Tədbirdə nəzərə çatdırılıb ki, dövlətin qayğısının nəticəsidir ki, istər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, istər Naxçıvan Muxtar Resbulikası Dövlət Miqrasiya Xidməti, istərsə də 8 regional miqrasiya idarəsi üçün müasir inzibati binalar istifadəyə verilib və fəaliyyət göstərir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin vətəndaşların qəbulu şöbələri müasir avadanlıq və zəruri vasitələrlə təchiz olunub, hər bir regional idarədə miqrasiya məsələləri ilə bağlı informasiya və hüquqi maarifləndirmə guşələri yaradılıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizə gəlişinin məqsədi ilə vizada göstərilən məqsədlərinin uyğunluğu xüsusi olaraq diqqətə çatdırılıb. Çünki Miqrasiya Məcəlləsinin 24.5-ci maddəsinə əsasən adi kateqoriyalı giriş vizaları – işgüzar, elm, təhsil, əmək, turizm, mədəniyyət, idman, humanitar, müalicə və şəxsi səfər məqsədləri ilə Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Həmin Məcəllənin 24.7-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddəti ərzində və məqsədlə ölkə ərazisində qala bilərlər və əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları və vəzifələri Miqrasiya Məcəlləsi ilə müəyyən olunur və Məcəllənin 76.3-cü maddəsinə əsasən bütün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməlidirlər.
Xüsusilə qeyd edilib ki, cari ilin 9 ayında Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizin müxtəlif regionlarında 52 maarifləndirmə tədbiri keçirilib və səyyar xidmət təşkil edilib.
Görüşün sonunda verilən suallar cavablandırılıb və təqdimatla bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycan Qızıl Aypara C əmiyyətini Miqrasiya şöbəsinin müdiri, DMX yanında İctimai Şura üzvü Məmməd Kətanov təmsil etmişdir.