4 -5 noyabr 2017-ci il tarixində Turkiyənin Antalya şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Gənclər Forumu keçirilmişdir. Forumda 110 Milli QX/QA Cəmiyyətlərinin 150-dən çox gənc nümayəndəsi iştirak edirdi. Qeyd etmək lazımdır ki, bu rəqəm indiyədək Beynəlxalq Hərəkatın Nizamnaməvi Görüşlərində iştirak edən gənclər üçün rekord say hesab olunur.
Beynəlxalq Federasiya və Turkiyə Qızıl Aypaya Cəmiyyəti tərəfindən təşkil olunan Gənclər Forumu Beynəlxalq Federasiyanın prezidenti cənab Tadateru Konoe və Turkiyə QAC-nın prezidenti Dr.Kərəm Kinikin açılış nitqləri ilə başladı. Hərəkatın gənc nümayəndələrini salamlayan prezidentlər gənclərin Hərəkatdakı və milli cəmiyyətlərdəki təqdirəlayiq və uğurlu fəaliyyətlərinə toxunaraq, onların aparıcı liderlər olduqları və buna görə gənclərin Herəkatdakı və Milli Cəmiyyətlərdəki rollarını artırmaq və gücləndirmək üçün gənclər sahəsində yeni təşəbbüslərin irəli sürülməsinin vacib olduğunu vurğuladılar. Tadateru Konoe: “Gənclər bu Hərəkata liderlik edənlərdi”. Daha sonra Beynəlxalq Federasiyanın Gənclər Komissiyası özünün 2 illik fəaliyyət hesabatını iştirakçılarla bölüşdü.
Gənclər Forumunda gənc iştirakçılar qlobal və regional qruplar səviyyədə onları narahat edən qlobal və regional məsələləri də geniş şəkildə müzakirə etdilər. Eyni zamanda Milli QX/QA Cəmiyyətlərinin gəncləri Beynəlxalq Federasiyanın miqrasiya, siyasəti, könüllülük siyasəti, gənclərin cəlbolunma strategiyası və Strategiya 2030 kimi mövzuları müzakirə edərək, qeyd olunan sahələrdə həyata keçirdikləri fəaliyyətləri, qazandıqları nailiyyətləri və qarşılaşdıqları çətinlikləri bir-biriləri ilə bölüşdülər. Forumun sonunda gənc nümayəndələr xatirə şəkli çəkdirdilər.
Gənclər Forumunda Azərbaycan Qızıl Aypara Cəmiyyətini Beynəlxalq Əlaqalər şöbəsinin müdiri Nailə Ömərova təmsil edirdi. Nailə Ömərova forum zamanı Turkiyə, Italiya, Rusiya kimi bir sıra milli cəmiyyətlərin gənc nümayəndələri ilə görüşlər keçirmiş və gənclər sahəsində gələcək əməkdaşlıq imkanlarını müzakirə etmişdir.