Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbulu və həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında qadınlara və uşaqlara göstərilən müalicə-profilaktika yardımının keyfiyyətini yüksəltmək, onların sağlamlıq vəziyyətini daha da yaxşılaşdırmaqdan ibarətdir.
Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması və onlara yardımın göstərilməsinin təşkil edilməsinə dair tədbirlər həyata keçirilir. Buna əsaslanaraq əhali arasında uşaq inkişafına dair məlumatların təbliği önəmlidir.
Artıq təsdiq olunub ki, 0-3 yaşında uşaqların fiziki və psixo-emosional inkişafında geriqalma hallarının erkən aşkarlanması və vaxtında düzgün müdaxilə edilməsi əlilliyin qarşısını almaq mümkündür. Bu baxımdan anaların uşaq inkişafı barədə əsaslı biliklərə malik olması zəruridir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada ictimai səhiyyə, humanitar sahəsində Dövlətə yardımçı rolunu oynayaraq, yerli hökumət və QHT-la əməkdaşlıq çərçivəsində, Regional Mərkəzlər və Yerli Bölmələr vasitəsilə əhali arasında ana və uşaqların sağlamlığının yaxşılaşdırılması və xəstəliklərin sayının azaldılmasına dair geniş səhiyyə maarifi işini təşkil edir. Maarifləndirici tədbirlər ana südü ilə qidalanma, uşaq inkişafı, uşaqlar arasında yoluxucu xəstəliklər və digər mövzulara həsr edilir.
Belə ki, AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində, mart ayının 19-da Respublika uşaq xəstəxanasında müalicə olunan uşaqların anaları ilə görüş keçirilmişdir. Keçirilən görüşdə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova analara uşaq inkişafına dair geniş məlumatlar təqdim etdi. O, analara uşağın inkişafına dair məlumatları izah edərək, uşağın inkişafına diqqət və vaxtında dəstək verilməsinin əhəmiyyətli olduğunu xüsusi vurğulamışdı. Qeyd edildi ki, uşağın inkişafında olan çətinliklərin vaxtında aradan qaldırılması, gələcəkdə əlilliyin qarşısının alınması mümkündür. Görüşdə iştirak edən analara uşaqların inkişafı ilə bağlı onları narahat edən bəzi hallara dair tövsiyyələr verildi. Sonda analara « Xəstələnmiş uşağa yardım » adlı kitab paylanıldı.