2018-ci il aprel ayının 23–də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi, əməkdaşları, könüllüləri və ictimaiyyət nümayəndələri ənənəvi olaraq AzQAC-ın həmtəsisçilərindən biri olmuş general-leytenant Əliağa Şıxlinskinin anım gününü qeyd etdilər.
Tədbir Bakının Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində Ə.Şıxlinskinin vaxtilə yaşadığı binanın önündə qurulmuş barelyefin önündə baş tutdu. Tədbiri giriş sözü ilə açan AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə Ə.Şıxlinskinin Cəmiyyətin yaradılmasındakı rolu və Azərbaycanın hərb tarixindəki müstəsna xidmətləri barədə məlumatları tədbir iştirakçılarının, TV və media işçilərinin nəzərinə çatdırdı. Daha sonra AzQAC-da Şəfqət xidmətinin yaradıcısı Nigar Şıxlinskaya haqqında ətraflı məlumat verdi.
Həmçinin, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şəmistan Nəzirli də çıxışında Ə.Şıxlinskinin hərb tarixində xidmətlərindən söz açmış və maraqlı məlumatlar vermişdir. Daha sonra AzQAC-ın Səbayıl rayon bölməsinin sədri
Ədilə xanım öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.
Tədbir AzTV, İTV , Lider və Mədəniyyət kanalları tərəfindən işıqlandırıldı.