Azərbaycan Qızıl Aypara Cəmiyyəti “BRAVO” Supermarketlər şəbəkəsi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Bakı şəhərinin Xəzər rayonunda yerləşən 3 saylı Xüsusi İnternat Məktəbində yaşayan sağlamlıq imkanları məhdud olan 50 nəfər uşaq üçün “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə geniş əyləncəli bayram tədbiri keçirib. Yeni Azərbaycan Partiyasının Xəzər rayon Təşkilatının da iştirak etdiyi tədbir 25 dekabr 2018-ci il tarixdə Xəzər rayonunda fəaliyyət göstərən Süvəlan Park Ticarət mərkəzindəki Mc Donalds da baş tutub. Şam ağacı ilə bəzədilən zalda uşaqlar üçün hər bir şərait yaradılmışdı. Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllüləri, Şaxta baba, Qar qız da musiqi çələngi ilə uşaqları təbrik etməyə gəlmişlər.
Tədbiri giriş sözü ilə Az.QAC-ın İcraçı katibinin müavini-gənclər və könüllülər şöbəsinin müdiri Xalidə xanım İsgəndərova açaraq Az.QAC-ın prezidenti, millət vəkili Novruz Aslanovun və “BRAVO” Supermarketlər şəbəkəsinin rəhbərliyi adından bu gül balaları qarşıdan gələn bayram münasibəti ilə təbrik etmiş, onlara can sağlığı arzulamışdır. AzQAC-ın FHHC şöbəsinin müdiri Elşən Səlimzadə, Fandreyzinq şöbəsinin əməkdaşları, YAP Xəzər rayon Təşkilatının nümayəndələri də tədbirdə iştirak etmişlər.
Uşaqlar üçün “Mc Donalds” restoranında müxtəlif dadlı yeməklər, şirniyyatlarla bəzədilmiş bayram süfrəsi və hədiyyələr təqdim olunmuşdur. Bayram süfrəsi arxasında əyləşən uşaqlar Şaxta baba və Qar qızın suallarına cavablar vermiş, rəqs edib şənləndilər. Eyni zamanda Mc Donalds da yerləşən uşaq oyun atraksionunda müxtəlif əyləncələrlə sevinclərinə rəng qatmışlar.
Sonda tədbirdə iştirak edən internat məktəbinin müəllimləri bu bayram şənliyinin ərsəyə gəlməsində Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, “BRAVO” Supermarketlər şəbəkəsinə və YAP Xəzər rayon Təşkilatına təşəkkürlərini bildirmişlər. Biz də milli cəmiyyət olaraq tədbirdə əməyi olan hər bir kəsə öz təşəkkürümüzü bildiririk.