Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Strateji İnkişaf Planı (2011-2015) üzrə həyata keçirilən fəaliyyətlərin hesabatının hazırlanması və 2016-2020 –ci illəri əhatə edəcək yeni Strateji İnkişaf Planının tərtib olunması məqsədilə yaradılmış Komissiyanın 15.10.2015-ci il tarixində AzQAC-ın Baş Qərargahında növbəti iclası baş tutdu.
İclasda AzQAC-ın vitse prezidenti, Komissiyanın sədri Qafar Əsgərzadə, AzQAC-ın Hesabat sektorunun rəhbəri, Komissiyanın məsul katibi Yaqut Hüseynova, Komissiyanın üzvləri, həmçinin, BQXK-nın Regional əməkdaşlıq üzrə nümayəndəsi Gregory Le Coq, BQXK və AzQAC arasında əməkdaşlıq üzrə məsul şəxs Rasim Əlləzov iştirak edirdilər.
İclas Komissiyanın sədri Qafar Əsgərzadənin açılış nitqi ilə başladı. Natiq ilk olaraq bütün Komissiya üzvlərini salamladı. Sonra isə Strateji Plana (2011-2015) daxil olan məqsəd və vəzifələrdən, həyata keçirilməsində üzləşilən problemlərdən, qazanılan uğurlardan, eləcə də hazırlanacaq yeni Strtateji Planın (2016-2020) daha təkmil, daha mükəmməl və daha aydın olması ilə bağlı mülahizələrini söylədi.
Daha sonra isə iclas, Hesabat Sektorunun rəhbəri Yaqut Hüseynovanın AzQAC-ın Bakı Regional Mərkəzinin könüllüsü, ixtisasca iqtisadçı olan Mədaim Rəhimovla birgə hazırladığı 2011-2015-ci illərdə Strateji Plan üzrə həyata keçirilən fəaliyyətlərin dəqiq hesabatının təqdimatı ilə davam etdi. Təqdimat zamanı Strateji Planda (2011-2015) hər fəaliyyət istiqaməti üçün nəzərdə tutulmuş fəaliyyət göstəriciləri üzrə həyata keçirilən işlərin nəticələri faiz dərəcələri ilə nümayiş etdirildi və geniş şəkildə müzakirə edildi.
Təqdimatdan sonra BQXK-nın Regional əməkdaşlıq üzrə nümayəndəsi Gregory Le Coq öz təəssüratlarını Komissiya üzvləri ilə bölüşdü və bildirdi ki, 2011-2015-ci illərdə həyata keçirilən fəaliyyətlərin hesabatı yeni Strateji Planın tərtib olunmasında çox faydalı olacaq.
Daha sonra isə AzQAC-ın İcraçı Katibi Bayram Vəliyev öncə hazırlanmış dəqiq hesabat üçün öz təşəkkürünü bildirdi və yeni Strateji Plan (2016-2020) üçün öz təkliflərini və fikirlərini səsləndirdi. O öz nitqində bildirdi ki, yeni Strateji Planın tərtib olunması üçün növbəti bir ay ərzində günlük olaraq Strateji Plana (2011-2015) daxil olan hər bir məqsəd üzrə müzakirə görüşləri keçiriləcək.
Sonda yeni Strateji Plan layihəsinin müzakirəsi üçün 16.11.2015- ci il tarixində Komissiya üzvləri ilə AzQAC-ın Baş Qərargahında növbəti iclasın keçirilməsi və işçi qrupun bu müddətdə ilkin sənədin layihəsinin hazırlanması qərara alındı.