Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Türk Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığı çərçivəsində Füzuli, Tərtər və Ağdam rayonlarının 16 məktəbində “Təhlükəsiz Oyun Meydançası” şagirdlərin istifadəsinə verilib. “Təhlükəsiz Oyun Meydançası” layihəsinin məqsədi minaların və müharibənin digər partlayıcı qalıqlarının mülki əhaliyə təsirini azaltmaq, uşaqların asudə vaxt keçirməsi üçün təhlükəsiz oyun yerləri yaratmaqla minalanmış ərazilərdə uşaqların xəsarət və ölüm hallarının qarşısını almaqdır.
26 sentyabr tarixində “Mina Risklərinin Azaldılması” strategiyasına aid ənənəvi layihə olan “Təhlükəsiz Oyun Meydançası”nın rəsmi açılış mərasimi gerçəkləşdirmişdir. Tərtərin Evoğlu kəndində keçirilən açılış mərasimində Türkiyənin Bakıdakı səfiri cənab Cahit Bağcı, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Türk Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ramazan Sayqılı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin idarə rəisi və vitse-prezidenti Əziz Qocayev, icraçı katibi Ceyhun Mirzəyev, icraçı katibin müavini Şaban Şayev, həmçinin, Türkiyənin Gəncə baş konsulu Zeki Öztürk, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tərtər, Ağdam və Bərdə rayon bölmələrinin sədrləri və könüllüləri, Türkiyənin qurum və təşkilatlarının nümayəndələri və şagirdlər iştirak ediblər. Türkiyənin Bakıdakı səfiri cənab Cahit Bağçı həm yaxşı gündə, həm də pis gündə Azərbaycanın yanında olmaqdan məmnun olduğunu ifadə edərək, “Bu gün simvolik olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə bu məktəbin bağçasında oyun meydançasını açdıq, təkcə Tərtərdə deyil, həm də Ağdam və Füzulidə. Beləliklə, biz, bugün ümumilikdə 16 oyun meydançası açırıq” dedi.
2005-ci ildən başlayaraq Azərbaycan Respublikasının qərb bölgəsində yerləşən rayonların, vaxtilə döyüş meydanı olmuş indi isə soydaşlarımızın məskunlaşdığı ərazilərində uşaqları mövcud olan mina və müharibənin partlayıcı qalıqları (MPQ) ilə rastlaşma risklərindən qorumaq məqsədini daşıyan “Təhlükəsiz Oyun Meydançaları” layihəsi Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən mütəmadi olaraq həyata keçirilir.